Transqafqaz cığırının qurulması ilə məşğul olan təbiətsevərlər ABŞ-ın Arizona ştatının Tuson şəhərində ABŞ Dövlət Departamenti tərəfindən dəstəklənən ABŞ Meşə Xidmətinin Beynəlxalq Proqramlar İdarəsi və Mənzərəli və Tarixi Cığırlar Milli Proqramının ev sahibliyi etdiyi təlim turunda bir araya gəlib.
Bu barədə ABŞ səfirliyi məlumat yayıb.
Məlumatda deyilir ki, Azərbaycan, Gürcüstan və Ermənistandan olan iştirakçılar Qafqaz Təbiəti Mühafizə Korpusu regional proqramını genişləndirmək üçün qabaqcıl təcrübələri öyrənmək və bölüşmək məqsədilə Arizona Cığırlar Assosiasiyası, Koronado Milli Meşəsi, bir çox digər hökumət və QHT tərəfdaşları ilə texniki mübadilələr aparıblar.
2016-cı ildən başlayaraq Transqafqaz Cığır Assosiasiyası regionun müxtəlif mədəniyyətlərini, iqlimlərini və insanlarını birləşdirən və dəstəkləyən möhtəşəm Cənubi Qafqaz dağları boyunca uzun məsafəli gəzinti cığırının yaradılması və saxlanması üzərində işləyir.
Transqafqaz cığırı tamamlandıqdan sonra bu layihə Azərbaycan, Gürcüstan və Ermənistan ərazisindən 3000 kilometr uzanaraq iki böyük dağ silsiləsi ilə təxminən iyirmi milli parkı və qorunan əraziləri birləşdirəcək. İndi layihə üzrə 1765 kilometr yol açıqdır və hər il daha çox yol qurulur. Çığır böyüdükcə iqtisadi inkişaf, mədəni mübadilə və ekoloji təhsil üçün imkanlar yaradacaq.