ABŞ Dövlət Departamenti İnsan Haqları Təcrübələri üzrə illik Ölkə Hesabatında Rusiyanın Ukraynaya təcavüzü, Sudandakı vətəndaş müharibəsi və İsrail-HƏMAS müharibəsini əsas qlobal insan haqları narahatlıqlarından bəziləri kimi təsvir edilib.
"Bu ... [hesabatı] tərtib edərkən biz müxtəlif mötəbər, fakta əsaslanan mənbələrdən, o cümlədən dövlət qurumlarından, qeyri-hökumət təşkilatlarından və mediadan reportajlar aldıq"- deyə, Dövlət katibi Antoni Blinken onlayn açıqlamasında bildirib.
Hesabatın Azərbaycana aid hissəsində deyilir ki, sentyabrın 19-20-də Azərbaycan Dağlıq Qarabağa tam nəzarəti ələ keçirmək üçün hərbi əməliyyat keçirib.
“Sentyabrın 24-dən oktyabrın 1-dək 100 000-dən çox Dağlıq Qarabağ sakini - faktiki olaraq regionun bütün etnik erməniləri Ermənistana qaçıb”.
Sənəddə həmçinin deyilir ki, il ərzində hökumətin qeydə aldığı qurumlardan kənarda ibadət edən çoxlu sayda şiə müsəlmanları İranla əlaqədə olduqları iddiası ilə həbs edilib.
“Hökumət insan haqlarını pozduğu bildirilən məmurların əksəriyyətini cəzalandırmaq üçün etibarlı addımlar atmayıb. 2020 və 2022-ci illərdə hərbi əməliyyatlar zamanı Azərbaycan silahlı qüvvələri və ya ayrı-ayrı şəxslər tərəfindən törədilmiş iddia edilən sui-istifadə halları ilə bağlı hökumətin araşdırmaları ilə bağlı heç bir irəliləyiş qeydə alınmayıb”, sənəddə qeyd edilir.
Hesabatın əhatə etdiyi 2023-cü il Birləşmiş Millətlər Təşkilatının Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 75-ci ildönümünə təsadüf edib. Hesabatlar digər sazişlərlə yanaşı, bəyannamədə qeyd olunan beynəlxalq səviyyədə tanınmış insan hüquqlarına əsaslanır.
Blinken ilk olaraq Rusiyanın Ukraynaya müdaxiləsini insan haqlarının əhəmiyyətli dərəcədə pozulması kimi qeyd edib. Dövlət katibi “Kremlin insan hüquqlarına etinasızlığı və hörmətsizliyi özünü büruzə verdiyini və onun vətəndaşlara qarşı zorakılıqdan “müharibə aləti” kimi istifadə etdiyini bildirib.
O, həmçinin Sudandakı vətəndaş müharibəsini insan haqları üçün əhəmiyyətli bir təhdid adlandıraraq əlavə edib ki, münaqişədə olan hər iki tərəf “dəhşətli zorakılıq, ölüm və dağıntılar törədib”.
Blinken deyib ki, İsrail-HƏMAS münaqişəsi də “insan haqları ilə bağlı dərin narahatlıq doğurur”. O əlavə edib ki, ABŞ HƏMAS-ın 7 oktyabr terror hücumlarını pisləyib, eyni zamanda İsraili buna cavab olaraq mülki əhaliyə dəyən zərəri minimuma endirməyə çağırıb.
Blinken həmçinin İranın öz vətəndaşlarına, xüsusən də qadınlarına qarşı təzyiqlərini insan haqlarına təhdidadlandırıb.
O əlavə edib ki, hesabatda Taliban hakimiyyəti altında Əfqanıstanda qadınların hüquqlarının boğulması, Çinin əhalisinin əksəriyyətini müsəlman olan uyğurlara və Kubada siyasi məhbuslara qarşı pis rəftar yer alır.
Bu insan haqları pozuntularına baxmayaraq, "bu hesabatda ümidverici inkişaflar da var" - deyə, Blinken vurğulayıb.
Blinken Keniya, Yaponiya, Estoniya və Sloveniyanın LGBTQI+ hüquqlarının inkişafında əldə etdiyi irəliləyişləri, eləcə də İordaniyanın əlilliyi olan şəxslərin hüquqlarının inkişaf etdirilməsi istiqamətində əldə etdiyi irəliləyişləri qeyd edib.
O, həmçinin Meksikanın iş şəraitinin yaxşılaşdırılması üçün əmək islahatlarının həyata keçirilməsində irəliləyişinə istinad edib.
Blinken bazar ertəsi mətbuat konfransı zamanı bu inkişaflara toxunub.
"Bu parlaq nöqtələr, dünyanın hər yerindən sadiq fərdlər bütün insanlar üçün fundamental ləyaqəti qorumaq üçün işləməyə davam etməsi insan hüquqları sahəsində irəliləyişin həqiqətən mümkün olduğunu xatırladan mühüm bir amildir" deyib.