Qubad İbadoğlu: Azadlıq böyük hissdir, mənim həbsimə qərar verənlər bunu başa düşə bilməzlər

Your browser doesn’t support HTML5

Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının həbsdə olan sədri Qubad İbadoğlu ev dustaqlığına buraxılıb.

Vəkil Bəhruz Bayramovun Amerikanın Səsinə verdiyi məlumata görə, qərar Nərimanov Rayon Məhkəməsində hakim Hafiz Kamranovun sədrliyi ilə keçirilən iclasda qərar qəbul edilib.

Qubad İbadoğlu ev dustaqlığına buraxılmasından sonra Amerikanın Səsinə müsahibə verib.

Qubad İbadoğlu vəkilləri Bəhruz Bayramov və Zibeydə Sadıqova ilə (22 aprel, 2024-cü il)

O, müsahibəsində özünü həbsdən azad edilmiş hesab etməyib.

“Mən həbsdən azad olunmuş hesab olunmuram. Çünki mənə qarşı irəli sürülmüş ittihamlar qalır. Eyni zamanda bildiyiniz kimi bu ev dustaqlığının müəyyən məhdudiyyətləri var. Bakı şəhəri ərazisindən çıxmamaq, Azərbaycanı tərk etməmək. Müəyyən yaşayış yerini dəyişməmək. Yaşayış yerini dəyişəndə məlumat vermək. Belə məhdudiyyətlər hələ davam edəcək. Bugünkü qərar təbii ki, tam azadlığım kimi qəbul oluna bilməz”, Qubad İbadoğlu bildirib.

Your browser doesn’t support HTML5

Qubad İbadoğlu: Bugünkü qərar tam azadlığım kimi qəbul oluna bilməz

Səhhətinə gəldikdə isə Qubad İbadoğlu səhhətində problemlərin davam etdiyini bildirib.

“Son zamanlar şəkərimin yüksək səviyyəsindən təsirlənən fəsadlar var. Fəsadlar özünü göstərməkdədir. Yaxın zamanlarda buna diqqəti artıracam. Çünki bu, təxirəsalınmaz tibbi müdaxilə tələb edir. Müstəqil həkimlərin məsləhəti və müayinəsi ilə bu istiqamətdə səhhətimin bərpa olunması istiqamətində müalicəmi davam etdirəcəm”, o bildirib.

Qubad İbadoğlu ev dustaqlığına buraxılması ilə bağlı vəkillərinə, müdafiə komitəsinə, beynəlxalq təşkilatlara, müstəqil media nümayəndələrinə, o cümlədən təcridxanın rəhbərliyinə, işçi zabit heyətinə, dostlarına təşəkkür edib.

Jalə Bayramova atası Qubad İbadoğlunun ev dustaqlığına buraxılması haqda Amerikanın Səsinə danışıb

Avropa Parlamentinin sessiyasına qatılmaq üçün Strasburqda olan hüquqşünas Jalə Bayramova atası Qubad İbadoğlunun ev dustaqlığına buraxılması ilə bağlı fikirlərini bölüşərək qeyd edib ki, atasının hüquqlarının pozulması və Azərbaycanda siyasi motivli həbslər problemi qalmaqda davam edir.

Your browser doesn’t support HTML5

Jalə Bayramova atası Qubad İbadoğlunun ev dustaqlığına buraxılması ilə bağlı fikirlərini bölüşüb

“Atamla bağlı məhkəmə işi hələ davam edir. Bu o deməkdir ki, onu hər an yenidən saxlaya bilərlər və atamın ölkədən çıxışına da qadağa qoyulub. O, əslində Drezden Texniki Universitetində dərs deməli, Almaniyada yaşamalı və oradakı işinə davam etməli idi. Lakin o, bunu edə bilmir. Onun hələ də hüquqları tapdalanır. Nəzərə alsaq ki, ümumiyyətlə ona qarşı heç bir məhkəmə işi olmamalı idi, heç bir cinayət işi açılmamalı idi, onun hüquqları hələ də pozulur”, Jalə Bayramova deyib.

Avropa Parlamenti çərşənbə günü Azərbaycanda vətəndaş cəmiyyətinə qarşı təqiblər, o cümlədən Qubad İbadoğlu və İlhamiz Quliyevin işi ilə bağlı müzakirələr keçirəcək.

AŞPA həmməruzəçisi Qubad İbadoğlunun ev dustaqlığına buraxılması qərarını alqışlayıb

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) “Azərbaycanda jurnalistlərin və insan haqları müdafiəçilərinin həyatı və təhlükəsizliyinə təhdidlər” mövzusunda məruzəçisi Hanna Bardell Qubad İbadoğlunun ev dustaqlığına buraxılması qərarını alqışlayıb.

Cənab İbadoğlunun həbsdən azad edilməsi və səhhəti ilə əlaqədar ev dustaqlığına buraxılması qərarını alqışlayıram. Mən Azərbaycan hakimiyyətini Avropa İnsan Haqları Konvensiyasına uyğun olaraq ona qarşı irəli sürülən bütün ittihamları dərhal nəzərdən keçirməyə və siyasi motivli ittihamları ləğv etməyə çağırıram”, Hanna Bardell aprelin 22-də yaydığı bəyanatda qeyd edib.

AŞPA məruzəçisi Azərbaycanda siyasi motivlərlə həbs olunan bütün digər jurnalistlərin, hüquq müdafiəçilərinin və fəalların azadlığa buraxılmasına ümid etdiyini bildirib və İbadoğlunun buraxılmasını “düzgün istiqamətdə ümidverici əlamət” hesab etdiyini qeyd edib.

Xatırlatma

Ötən il iyul ayında Nərimanov Rayon Məhkəməsi Azərbaycan Demokratiya və Rifah Hərəkatının sədri, iqtisadçı Qubad İbadoğlu barədə həbs qətimkan tədbiri seçib. Qubad İbadoğlu 204.3.1-ci (satış məqsədi ilə hazırlama, o cümlədən saxta pul və ya xarici valyuta əldə etmə və ya satma - eyni əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə), 167-3.1-ci (Dini ekstremist materialları, yəni dini ekstremist fəaliyyəti həyata keçirməyə çağıran və ya belə fəaliyyəti əsaslandıran, yaxud belə fəaliyyətin zəruriliyinə bəraət qazandıran materialları hazırlama, saxlama və ya yayma) maddələri ilə ittiham olunur. İki ittiham üzrə onu 17 ilədək həbs gözləyir.

Azərbaycan Daxili İşlər Nazirliyi Qubad İbadoğlunun Türkiyədə 2016-cı ildə çevriliş cəhdində ittiham olunan, hazırda Amerikada yaşayan Fətullah Gülənin tərəfdarları ilə əlaqədar keçirilən əməliyyat tədbirləri çərçivəsində saxlanıldığını bildirib. Qubad İbadoğlu ittihamları qəbul etmir və həbsinin siyasi sifariş olduğunu qeyd edir.

Bir sıra ölkələr və beynəlxalq təşkilatlar, o cümlədən ABŞ Dövlət Departamenti, ABŞ senatorları və konqresmenləri İbadoğlunun həbsdən azad edilməsi üçün çağırışlar edib.