İran Azərbaycanından Tehran prokurorluğuna çağırılan fəallar özlərini ittihamlara qarşı müdafiə edib

Vədud Əsədi, Salar Tahir Afşar və Səid Camalzadə (Mənbə: Abbas Lisani Telegram kanalı)

Keçən günlərdə İran Azərbaycanından Tehranın 33-cü bölgə prokurorluğuna (Evin prokurorluğu) çağırılan siyasi fəallar Vədud Əsədi, Səid Camalzadə, Salar Tahir Afşar və Behnam Babaşpurun məhkəmə iclası təşkil olunub.

İnsan haqları üzrə fəaliyyət göstərən HRA agentliyi və Abbas Lisani telegram kanalı kimi mənbələrin yaydığı məlumata əsasən, “şənbə günü Evin prokurorluğunun 5-ci şöbəsində dörd türk fəala qarşı ittiham oxunub.”

Yayılan məlumata əsasən, müvafiq olaraq Rəşt, Təbriz, Urmiyə və Ərdəbil şəhərində yaşayan Vədid Əsədi, Səid Camalzadə, Salar Tahir Afşar və Behnam Babaşpur Evin prokurorluğunda “İranın milli təhlükəsizliyini pozmaq məqsədilə toplaşmaq və əlbir olmaq” ittihamına qarşı özlərini müdafiə ediblər.

SEE ALSO: İki aydır Evin həbsxanasında saxlanılan türk fəallara qarşı ittihamlar hələ bəlli deyil

Milli fəallar fevralın 5-7-si tarixlərində İran Azərbaycanı, eləcə də Gilan, Əlburz və Tehran vilayətlərində nəzarət altına alınan 30-a yaxın siyasi fəalların arasında olublar. Hüquq müdafiəçiləri bu fəalların əksəriyyətinin daha sonra Tehranın Evin həbsxanasına köçürüldüyünü bildirmişdi.

Fevralın ilk həftəsində saxlanılan fəallardan təqribən 20-nin adı məlum olub. Hüquq müdafiəçiləri şənbə günü prokurorluğa çağırılan Behnam Babaşpurun adını ilk dəfə olaraq yayıblar. Abbas Lisani Telegram kanalının bildirdiyinə görə, Babaşpur fevral ayında Ərdəbil şəhərində nəzarət altına alındıqdan bir gün sonra mülki zəmanət qarşılığında müvəqqəti olaraq sərbəst buraxılıb. Digər üç fəal Evin həbsxanasına köçürüldükdən bir müddət sonra zəmanətlə buraxılıblar.