Aprelin 19-da Xətai Rayon Məhkəməsində "Meclis.info"nun rəhbəri İmran Əliyev barəsində həbs qətimkan tədbiri seçilib. Bu barədə onun vəkili Qanqa İbrahimov məlumat verib.
Vəkilin sözlərinə görə İmran Əliyev barəsində Cinayət Məcəlləsinin 206.3.3-cü (qaçaqmalçılıq-vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə edilməklə törədildikdə) maddəsi ilə 2 ay və 1 gün müddətinə həbs qətimkan tədbiri seçilib. Sayt rəhbərinin zorakılığa məruz qaldığı, məhkəməyə gözünün altı göyərmiş şəkildə gətirildiyi bildirilir.
İmran Əliyevin yaxınlarının məlumatına görə o, "Abzas Media işi" üzrə həbs edilib:
"İmran Əliyev saxlanıldıqdan sonra polis orqanına gətirilib. Orada onu döyüblər, həmçinin "tok"a veriblər. O, ağır işgəncə görüb, zorla hansısa sənədə qol çəkdiriblər. Tələb ediblər ki, vəkilindən imtina etsin. Döyəndə vurub gözünün altını göyərdiblər, bədəninin müxtəlif yerlərində də xəsarət izləri var".
Məhkəməyə gətiriləndə onun qolu arxadan qandallanıb. Xətai Rayon Məhkəməsində keçirilən prosesdə səsyazma texnikası işlək olmayıb. Müdafiə tərəfi səsyazma tələb etsə də, məhkəmə tələbləri nəzərə almayıb.
İddialarla bağlı rəsmi qurumlardan mövqe almaq mümkün olmayıb.
İmran Əliyev aprelin 18-də Heydər Əliyev Beynəlxalq Aeroportunda saxlanılıb. Bu barədə onun özü məlumat verib.
"Haqqımda gedən sifarişli yazıdan sonra təhlükəsizlik üçün İstanbula bilet almışdım. Barəmdə yazılan xəbərlər uydurmadır. Saat 20:54-dür, pasportumu, həmçinin biletimi də alaraq məni saxlayıblar".
İmran Əliyev bildirib ki, o, Sərhəd Qoşunları tərəfindən saxlanılaraq "qara maskalı" şəxslərə təhvil verilib. Onun sözlərinə görə saxlanılarkən ona qarşı zor tətbiq olunub.
Sayt rəhbəri saxlanmazdan bir neçə saat öncə hakimiyyətyönümlü "Qafqazinfo" saytı ""Abzas Media" və "Toplum TV" işində yeni faktlar" adlı məqalə dərc olunub və orada İmran Əliyevin də adı çəkilir. İmran Əliyev bildirib ki, onun barəsində məqalə dərc olunub, həmin məqalədə o, qrant qaçaqmalçılıqda ittiham olunub.
"Meclis.info" parlamentin fəaliyyətini monitorinq edən platformadır.