Milli fəal Salar Tahir Əfşar Evin məhkəməsinə çağırılıb

Salar Tahir Afşar

Urmiyə sakini olan azərbaycanlı fəal Salar Tahir Əfşar son müdafiəsini təqdim etmək üzrə Evin məhkəməsinə çağırılıb.

İnsan haqları üzrə fəaliyyət göstərən HRA xəbər agentliyinin yaydığı məlumatına görə, Salar Tahir Əfşar aprelin 15-də Tehran Ümumi və İnqilab Prokurorluğunun 5-ci istintaq şöbəsindən bildiriş alıb. Məhkəmə bildirişinə görə, o, 5 gün ərzində bu məhkəməyə müraciət etməlidir.

Tahir Əfşar iki gün əvvəl azərbaycanlı siyasi məhbusların məhkəmə iclasının keçirildiyi Evin həbsxanasının yaxınlığında yerləşən 33 saylı Şəhid Müqəddis rayon prokurorluğuna çağırılıb.

Bu bildirişdə qeyd olunduğuna görə, Tahir Əfşar ona qarşı irəli sürülən “daxili təhlükəsizliyə qarşı toplaşmaq və əlbir olmaq” ittihamından özünü müdafiə etməlidir.

Salar Tahir Əfşar fevralın 6-da çərşənbə axşamı şəhərdə olduğu zaman təhlükəsizlik qüvvələri tərəfindən həbs edildikdən sonra Evin həbsxanasının 209 saylı bölməsinə köçürülmüşdü. Türk fəal Evin həbsxanasının təcridxanasında təhlükəsizlik qüvvələri tərəfindən həftələrlə sorğu-suala çəkilmişdi.

Təbriz Ümumi və İnqilab Məhkəməsinin 2 saylı şöbəsi təcridxanada dindirilən Salar Tahir Əfşar barəsində qaldırılan başqa bir iddia ilə bağlı “rejim əleyhinə təbliğat fəaliyyətinə yardım etmək” ittihamından 6 ay həbs cəzası vermişdi.

Milli fəal fevralın 28-də axşam saatlarında 800 milyon tümənlik girov müqabilində Evin həbsxanasından müvəqqəti olaraq məhkəmənin yekun qərarına qədər azadlığa buraxılmışdı.