Üç aydır ki, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) təcridxanasında saxlanılan bloger Arzu Sayadoğlu atası ilə görüşüb.
“Arzunun səhhəti yaxşıdır. Saxlanma şəraitindən narazılığı yoxdur. Şüşə arxasından görüşdük. O dedi ki, günahı yoxdur, nə deyibsə düzdür. Bizim ailəmiz çox çətinlik çəkir. Atayam, oğlumun həbsinə dözə bilmirəm. Arzuya kömək edin”, blogerin atası Səyyad Məmmədov Amerikanın Səsinə deyib.
O, hökumət orqanlarından oğlunun həbsdən azad edilməsinə kömək etmələrini istəyir.
Səbail Rayon Məhkəməsindən Amerikanın Səsinə bildiriblər ki, Arzu Sayadoğlu yanvarın 16-da saxlanılıb, onun barəsində yanvarın 18-də 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.
Sayadoğluna qarşı Azərbaycan Cinayət Məcəlləsinin 182.2.4-cü (hədə-qorxu ilə tələb etmə, xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.
İttiham sübut olunarsa blogeri beş ildən on ilədək həbs cəzası gözləyir. İstintaqı Dövlət Təhlükəsizliyi Xidməti aparır.
Hədə-qorxu ilə tələb etmənin məhz nədən ibarət olduğu və nə zaman baş verdiyi açıqlanmır.
Sayadoğlu "Azad Söz" onlayn nəşrinin efirindəki çıxışında Azərbaycan hakimiyyətini kəskin tənqid etdikdən və vətəndaşları hökumət əleyhinə etirazlara çağırdıqdan sonra onunla əlaqə kəsilib.