Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatına əsasən, Haaqa Sülh Sarayında "Avropanın Vəhşi Təbiəti və Təbii Yaşayış Yerlərinin Mühafizəsi üzrə Bern Konvensiyası"na əsasən dövlətlərarası arbitraj çərçivəsində Azərbaycanın iddiası üzrə ilk rəsmi məhkəmə prosesi keçirilib.
Məlumatda deyilir ki, Ermənistan tərəfindən Azərbaycan ərazilərində 30 illik “qeyri-qanuni işğalı zamanı törədilən ətraf mühitin geniş şəkildə dağıdılmasına dair mövcud olan külli miqdarda dəlillər” əsasında 18 yanvar 2023-cü il tarixində Azərbaycan tərəfindən sözügedən ilk arbitraj prosesi başladılıb.
"2020-ci ildə Azərbaycan öz ərazilərinin azad olunmasından sonra Ermənistanın ətraf mühiti məhv etməsi və onu qorumaması ilə bağlı dəhşətli dəlilləri üzə çıxarıb. Ermənistanın bu addımları ərazilərimizin təbii yaşayış mühiti və növlərinə ciddi ziyan vurub, təbii ehtiyatların tükənməsinə səbəb olub, habelə mövcud biomüxtəlifliyi məhv edib", məlumatda qeyd edilib.
Nazirlik bildirir ki, Azərbaycan arbirtraj çərçivəsində tribunaldan Ermənistandan "Bern Konvensiyasının bütün davam edən pozuntularına son qoyulmasını və ətraf mühitin dağıdılmasına görə" təzminatın ödənilməsini tələb etməyi sorğu edib.
Məhkəmədə araşdrımaların detalları barədə hələ məlumat verilmir.
Müzakirələrdə Azərbaycan və Ermənistanı təmsil edən heyətlər iştirak edir.
Ermənistan tərəfi məhkəmə araşdırması ilə bağlı hələ məlumat yaymayıb.