Tehranın Evin həbsxanasında saxlanılan Murtəza Pərvin və Əbdüləziz Əziminin nəzarət müddətinin uzadıldığı bildirilir

Əbdüləziz Əzimi Qədim və Murtəza Pərvin

Fevral ayının ilk həftəsindən bəri mühakimə olunmadan Tehranın Evin həbsxanasında saxlanılan siyasi fəallar Murtəza Pərvin və Əbdüləziz Əzimi Qədimin nəzarət müddətinin daha bir ay uzadıldığı bildirilib.

İnsan haqları üzrə fəaliyyət göstərən HRA agentliyi və Abbas Lisani Telegram kanalının yaydığı məlumata görə, “Əsləm Ərdəbil sakini olan türk fəal Murtəza Pərvinin nəzarət müddəti Tehranın 33-cü bölgə prokurorluğu tərəfindən daha bir ay uzadılıb.”

Pərvin fevral ayının 6-da Ərdəbil şəhərində İranın təhlükəsizlik qüvvələri tərəfindən nəzarət altına alındıqdan sonra Evin həbsxanasının kəşfiyyat qurumunun nəzarətindəki 209-cu bölməyə göndərilmişdi. Onun daha sonra həbsxananın ümumi bölmələrindən birinə köçürüldüyü bildirildi.

Araz News saytı isə milli fəal və sabiq din xadimi Əbdüləziz Əzimi Qədimin nəzarət müddətinin bir ay uzadıldığını yazıb. Əzimi Qədim də 2 aydan artıqdır Evin həbsxanasında saxlanılır.

Fevralın 5, 6 və 7-ci günlərində İran Azərbaycanı, eləcə də Gilan, Əlburz və Tehran vilayətlərində nəzarət altına alınaraq Tehranın Evin həbsxanasına göndərilən 30-a yaxın siyasi fəallardan bəziləri keçən həftələrdə mülki zəmanət qarşılığında sərbəst buraxılıblar. Həbsi davam edən digər fəalların da nəzarət müddətinin bu yaxınlarda uzadıldığı təxmin edilir.

Fevral ayında tutulan fəallardan hazırda Murtəza Pərvin, Səid Camalzadə, Tahir Nəqəvi, Ayaz Seyfxah, Araz Əman, Kəmal Nuri, Kərəm Mərdanə və Əbdüləziz Əzimi Qədimin həbsinin davam etdiyi bildirilir.

Hüquq müdafiəçiləri keçən həftələrdə Pərvin və Əzimi Qədimin aclıq aksiyası keçirdiklərinə dair məlumat yaymışdılar.