Şərqi Azərbaycan vilayətində məktəb şagirdinin həbsi bir aydan artıqdır davam edir

Vəhid Əsgəri (Mənbə HRA agentliyinin saytı)

Hüquq müdafiəçiləri təqribən 35 gün öncə Təbrizin yaxınlığındakı Səhənd şəhərində saxlanılan 17 yaşlı məktəb şagirdi Vəhid Əsgərinin həbsinin davam etdiyini bildirirlər.

İnsan haqları üzrə fəaliyyət göstərən HRA agentliyinin bildirdiyinə görə, əlaqədar orqanların yeniyetmənin vəziyyəti haqqında dəqiq məlumat verməməsi Əsgəri ailəsinin narahatlığını artırır.

“Ailənin davamlı müraciətlərinə baxmayaraq əlaqədar orqanlar yeniyetmənin taleyi və harada saxlanıldığına dair dəqiq məlumat verməkdən imtina edirlər. Vəhidin ailəsi ilə telefon təması olub ancaq o, bu söhbətdə vəziyyəti ilə bağlı təfərrüatları açıqlaya bilməyib,” HRA bildirib.

İranda 2022-ci ilin sentyabr ayında baş qaldıran və aylarla davam edən hökümət əleyhinə etirazlardan bəri müxtəlif şəhərdə çox sayda yeniyetmə və məktəb şagirdi həbs edilib.

Yeniyetmənin hansı səbəblərə görə tutulduğuna dair məlumat yayılmayıb. Hüquq müdafiəçilərinin daha əvvəl yaydıqları məlumata görə, məmurlar onu həbs etdikdən sonra ailəsinin evində axtarış apararaq, kompüter və mobil telefonu kimi şəxsi əşyasını müsadirə ediblər.

Vəhid Əsgərinin Səhənd şəhərinin İmam Xomeyni məktəbində 12-ci sinifdə təhsil aldığı və həmin şəhərin sakini olan Yusuf və Susən Əsgərinin oğlu olduğu bildirilir.