Aprelin 5-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə “Kanal 11” İnternet Televiziyasının rəhbəri Teymur Kərimovun məhkəmə prosesi keçirilib. Məhkəmədə iştirak edən hüquq müdafiəçisi Əlövsət Sadıqlının məlumatına görə, jurnalistin hazırlıq məhkəməsi vaxt çatışmazlığı səbəbindən yarımçıq qalıb.
“Proses boyu tələb və vəsatətlərə baxmayaraq və tutarlı əsaslar olmadan (mülahizə əsasında), Teymur Kərimov qolları qandallı saxlanaraq həm fiziki, həm də mənəvi işgəncəyə məruz qoyuldu və bu, heç şübhəsiz ki, qərəzli yanaşmanın təzahürü və siyasi sifarişin açıq nümayişi idi”, Sadıqlı deyib.
Teymur Kərimovun vəkili Nemət Kərimli vəsatət qaldıraraq onun həbs qətimkan tədbirinin dəyişdirilərək ev dustaqlığı ilə əvəz edilməsini istəyib, lakin vəsatət təmin edilməyib.
Daha sonra çıxış edən prokuror Fariz Rzayev prosesin məhkəmə baxışına verilməsini təklif edib. Müşavirədən qayıdan məhkəmə heyəti prosesin baxışa verilməsini açıqlayıb. Məhkəmənin ilk baxış iclası aprelin 24-nə təyin edilib.
Ötən il dekabrın 12-də Nərimanov Rayon Məhkəməsi "Kanal 11" İnternet Televiziyasının rəhbəri Teymur Kərimov barəsində 4 aylıq həbs qətimkan tədbiri seçib.
Kərimov məhkəmədə ittihamları rədd edib. O, peşəkar jurnalist fəaliyyətinə və qanunsuzluqları işıqlandırdığına görə təqib olunduğunu bildirib.
Teymur Kərimov Cinayət Məcəlləsinin 182.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə), 182.2.2-ci və 182.2.4-cü (hədə-qorxu ilə tələb etmə) maddələri ittiham olunurdu.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı İbrahim Əmiraslanlı Amerikanın Səsinə faktı təsdiqləyib.
"Dekabrın 11-də bir neçə vətəndaşdan daxil olan şikayət əsasında Teymur Kərimov barəsində Cinayət Məcəlləsinin hədə-qorxu ilə tələb etmə maddəsi ilə cinayət işi qaldırılıb. Hazırda istintaq hərəkətləri aparılır," o, qeyd edib.
Vəkil Nemət Kərimli qeyd edib ki, Teymur Kərimov həbsinin jurnalist fəaliyyəti ilə bağlı olduğunu xatırladıb.
"Bundan əlavə Teymur Kərimov bildirdi ki, onu Daxili İşlər Nazirliyinin Mütəşəkkil Cinayətkarlıqla Baş Mübarizə İdarəsində döyüblər. Əvvəlcə narkotik ittihamını etiraf etməsini tələb ediblər. Lakin o etiraf etməyib. Bundan sonra bir neçə şəxslə üzləşmə olub. Sonra onun barəsində qərar seçilib", vəkil əlavə edib.
Bir sıra medianı müdafiə qrupları, yerli və beynəlxalq təşkilatlar Azərbaycanda jurnalistlərin həbsi ilə bağlı narahatlıq ifadə edərək, Azərbaycan hakimiyyətini müstəqil mediaya və tənqidi səslərə qarşı təqibləri dayandırmağa çağırıblar.