ABŞ-ın İran üzrə xüsusi nümayəndəsi Abram Peyli İran rejiminin regionda və dünyada sabitliyin pozulmasında rolu ilə bağlı narahatlıqları müzakirə etmək üçün bu həftə Cənubi Qafqaz ölkələrinə səfər edib. ABŞ rəsmisinin səfəri İsrailin Dəməşqdə İran konsulluğuna İranın yüksək səviyyəli komandirlərinin ölümülə nəticələnən hava hücumunun ardınca Yaxın Şərqdə eskalasiyanın daha da artması ilə bağlı narahatlıqlar fonunda baş verib. İran hava hücumuna cavab veriləcəyi ilə hədələyib və məsələ ilə bağlı bu həftə BMT Təhlükəsizlik Şurasının iclasını keçirməyə çağırıb. İsrail hücuma görə rəsmi olaraq məsuliyyəti üzərinə götürməsə də, İsrail qüvvələri HƏMASla altı aydır davam edən müharibə dövründə Suriyada hökumətin nəzarəti altında olan ərazilərə zərbələri intensivləşdirib. Tehran Suriyanın regionda müttəfiqidir və ölkədə İranın hərbi müşavirləri fəaliyyət göstərir. Hadson İnstitutunun baş elmi işçisi Lyuk Koffi Amerikanın Səsinə müsahibədə Yaxın Şərqdə durum, ABŞ-ın İran üzrə xüsusi nümayəndəsinin bu həftə Cənubi Qafqaza səfəri və Birləşmiş Ştatların Tehranın regional və qlobal səviyyədə fəaliyyətləri ilə bağlı narahatlıqları haqda danışıb.
Amerikanın Səsi: İsrailin Dəməşqdə İran konsulluğuna zərbə endirməsi yüksək rütbəli iranlı komandirlər də daxil olmaqla, bir neçə nəfərin ölümü ilə nəticələnib. İran hücuma görə cavab tədbirləri görəcəyi ilə hədələyib. Regionda vəziyyət bir müddətdir gərgin olaraq qalır və bu insidentin Hizbullah qrupu və İranın İnqilab Keşikçiləri Korpusunun potensial olaraq iştirakı ilə daha böyük münaqişəyə çevrilə biləcəyi ilə bağlı narahatlıqlar artır. Yaxın Şərqdə hazırkı vəziyyət və daha geniş münaqişənin mümkünlüyü barədə sizin fikirləriniz nədir?
Lyuk Koffi: Bir çox cəhətdən biz artıq Yaxın Şərqdə münaqişənin ötən ilin oktyabrından bəri necə yayıldığını və genişləndiyini müşahidə edirik. Biz İranın dəstəklədiyi proksi qrupların, hətta İranın özünün də təkcə ABŞ bazalarına, Yaxın Şərqdə ABŞ qüvvələrinə deyil, həm də beynəlxalq gəmi nəqliyyatını, təyyarələri hədəf alan hücumlarını görmüşük. Beləliklə də müharibə artıq Yaxın Şərqdə yayılıb, lakin Hizbullah rəsmi olaraq İsrailə qarşı müharibəyə girsə və İran Yaxın Şərqdə müxtəlif hədəflərə daha çox hücum edərsə, bunun daha da güclənəcəyi ilə bağlı narahatlıq var.
Amerikanın Səsi: ABŞ-ın İran üzrə xüsusi nümayəndəsi bu həftə İran rejiminin regionda və dünyada sabitliyin pozulmasında rolu ilə bağlı narahatlıqları müzakirə etmək üçün Cənubi Qafqaza səfər edib. ABŞ-ın İranın regionda davranışı ilə bağlı əsas narahatlığı nədən qaynaqlanır? İranın fəaliyyətinin qarşısını almaq üçün Cənubi Qafqaz ölkələri arasında əməkdaşlıq hansı səviyyədədir?
Lyuk Koffi: Hesab edirəm ki, xüsusi nümayəndə Peylinin Cənubi Qafqaza səfəri müsbət haldır. Çünki Amerikada İran haqqında və İran strategiyasını necə inkişaf etdirə biləcəyimizi düşünəndə ağlımıza çox vaxt ərəb dünyası və ya Yaxın Şərq gəlir. Biz İranın Cənubi Qafqazda tarixi səbəblərdən, iqtisadi səbəblərdən çox böyük təsirə malik olduğunu unuduruq. Biz ABŞ-da İrana yanaşmamızı və İranla bağlı strategiyamızı inkişaf etdirərkən bu regionu gözardı edə bilmərik. Ona görə də hesab edirəm ki, onun bu səfəri etməsi çox müsbət haldır. Təbii ki, bu, çox səssiz keçən bir səfər idi. Çox məlumat açıqlanmayıb. Amma Ermənistanda mən belə ehtimal edirəm ki, o, Ermənistanla İran arasında yaxınlıqla bağlı narahatlıq məsələsini qaldırıb. Mən Bakıda nələrin müzakirə edildiyini ancaq təsəvvür edə bilərəm. Burada mən yanaşmanın ABŞ-ın İrana yanaşması ilə ehtimal ki, daha çox üst-üstə düşdüyünü düşünürəm.
Amerikanın Səsi: NATO-nun baş katibi Yens Stoltenberq bu həftə Brüsseldə xarici işlər nazirlərinin görüşü zamanı bildirib ki, İran və Şimali Koreyanın Rusiyaya hərbi dəstəyi NATO-nun diqqətsiz qoya bilməyəcəyi ciddi qlobal təhlükəsizlik nəticələrinə malikdir. Bəzi təhlilçilərin fikrincə, İranın Rusiyanın Ukraynada müharibəsinə verdiyi töhfə Rusiyanın İranın Yaxın Şərqdə regional aqressiyasına verdiyi töhfəni vurğulayır. Sizin buna münasibətiniz nədir? Qərbin bu sınaq qarşısında strategiyası nədən ibarətdir?
Lyuk Koffi: Şübhəsiz ki, İran Rusiyanın Ukraynaya qarşı müharibəsində ən mühüm aktyorlardan biridir. İran istehsalı olan minlərlə pilotsuz təyyarə Ukraynada mülki infrastrukturu və mülki yaşayış binalarını hədəf almaq üçün istifadə olunur. Düşünürəm ki, İranın öz ballistik raketlərini Ukraynaya qarşı istifadə edə bilməsi üçün Rusiyaya təqdim etməsini görməyimiz zaman məsələsidir. Lakin bu, İrana böyük bir üstünlük verir ki, bu da İranın qonşularını çox narahat etməlidir. İran silahlarını təkmilləşdirməyi öyrənir, çünki onlardan Rusiya tərəfindən müasir döyüş meydanında istifadə olunur. Beləliklə, İran hər ay dronlarını daha da effektiv etmək üçün onları dəyişdirir, təkmilləşdirir və modifikasiya edir. İranın qonşusu olsaydım, bu məni çox narahat edərdi. ABŞ-ın nə edə biləcəyi baxımından biz sanksiyaları gücləndirmək üçün daha yaxşı iş görməliyik. İran istehsalı olan bu dronların bir çoxunda Qərbi Avropada ABŞ, Fransa və Almaniyada istehsal olunan yüzlərlə komponentin olduğunu görürük. Bu, qəbuledilməzdir.
Amerikanın Səsi: NATO-nun baş katibi Yens Stoltenberq Cənubi Qafqaz ölkələrinə dəstəyini nümayiş etdirmək üçün bu yaxınlarda Azərbaycan, Ermənistan və Gürcüstana səfər edib. ABŞ-ın NATO-dakı daimi nümayəndəsi Cənubi Qafqaza bu səfəri çox vacib səfəri adlandırıb. O, NATO-nun alyansla əlaqələri olan ölkələr, o cümlədən Qafqaz regionu ilə tərəfdaşlığının vacibliyini vurğulayıb. O, həmçinin bildirib ki, tərəfdaşlıq geniş mövzuları əhatə edir və həm alyansa, həm də onun tərəfdaşlarına fayda gətirir. NATO-nun regionda hədəfləri haqqında nə söyləyə bilərsiniz?
Lyuk Koffi: NATO-nun regionda iştirakını davam etdirməsi, lakin bunu regional güclər tərəfindən rahat və xoş qarşılanacağı şəkildə iştirakını davam etdirməsi çox vacibdir. Təbii ki, Gürcüstanın NATO ilə Cənubi Qafqazın digər ölkələrindən daha sıx əlaqələri var. Bununla belə, Azərbaycan da NATO üçün yaxşı tərəfdaş ola biləcəyini sübut etdi. Biz bunu Əfqanıstanda gördük, terrorizmlə mübarizədə də görürük. Yəni Azərbaycanın alyansa daxil olmaq arzusu olmasa da NATO ilə Azərbaycan arasında münasibətlər çox yaxşıdır. Ermənistanla isə bilirsiniz ki, Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv olması, orada Rusiya əsgərlərinin mövcudluğu və Rusiyanın Ermənistanda təsirinə görə Ermənistan ənənəvi olaraq NATO ilə əməkdaşlıq etmək üçün çətin ölkə olub. Amma Ermənistan yavaş-yavaş Avro-Atlantik birliyə yaxınlaşmağa çalışdıqca NATO və Ermənistan arasında daha yaxşı münasibətlər qurmaq imkanları ola bilər.
Amerikanın Səsi: Bir sıra təhlilçilər prezident Putinin hakimiyyətdə beşinci müddəti təmin etdiyi vaxt Rusiyada daha sərt mövqe tutacağını və Ukraynada münaqişəni intensivləşdirəcəyini proqnozlaşdırır. Onların fikrincə, Putinin hakimiyyətdə yeni müddəti Moskvanın Çin və İran kimi Qərbin digər rəqibləri ilə tərəfdaşlığını gücləndirəcək və xarici siyasətini daha aqressiv edəcək. Rusiyad prezident seçkilərinin Moskvanın xarici siyasəti, xüsusən də “yaxın xaric” adlanan bölgədə siyasət üçün ciddi nəticələri olacağı ilə bağlı fikirlər mövcuddur. Prezident Putinin hakimiyyətdə yeni müddətində Rusiyanın Ukrayna, Cənubi Qafqaz və Mərkəzi Asiya ilə bağlı xarici siyasəti haqda nə düşünürsünüz?
Lyuk Koffi: Mən inanıram ki, Rusiyanın Cənubi Qafqaz və Mərkəzi Asiyada təsiri son iki ildə məhz Ukraynada gördüklərimizə görə azalıb. Rusiyanın bütün milli təhlükəsizlik aparatının diqqəti Ukraynada müharibə üzərində cəmləşib. Milli sənaye Ukraynada müharibəyə yönəlib. Rusiya hökumətinin diqqətinin böyük hissəsi Ukraynada müharibəyə yönəlib və onlar üçün işlər yaxşı getmir. Bilirsiniz ki, onlar yüz minlərlə əsgər, on minlərlə maşın, tank, zirehli texnika, yüzlərlə təyyarə itiriblər. İşlər yaxşı getmir. Düşünürəm ki, Cənubi Qafqaz və Mərkəzi Asiyada region ölkələri Rusiyanın həqiqətən də nə qədər qüdrətli olduğunu şübhə altına almağa başlayır. Yəni, bu, hər hansı hörmətsizlik və ya münasibətlərin pozulması məsələsi deyil, amma düşünürəm ki, Mərkəzi Asiya və Cənubi Qafqazın bəzi ölkələri daha müstəqil və ya ən azından Moskvanın fikrindən asılı olmayaraq hərəkət etməyə hazırdır. Və Rusiyanın Ukraynada üzləşdiyi problemlər olmasaydı, bu baş verməzdi.