Aprelin 2-də Nərimanov Rayon Məhkəməsində “dunyaninsisesi.az” saytının rəhbəri Ərşad İbrahimov barəsində seçilmiş həbs qətimkan tədbirinin
müddəti daha 3 ay uzadılıb.
Bu barədə məlumatı vəkil Elçin Sadıqov verib.
Onun sözlərinə görə Ərşad İbrahimovun hər hansı bir cinayət törətməsi barədə heç bir sübut mövcud deyil.
“Ərşad İbrahimov tutularkən ona işgəncə verilməsindən danışdı və məhkəmə baş prokurora bu barədə məlumat göndərdi. Həmçinin məhkəmə Ərşad İbrahimovun barəsində həbsin ev dustaqlığı qətimkan tədbiri ilə əvəz
edilməsi barədə vəsatətimi də təmin etmədi. Qərardan apelyasiya şikayəti verəcəm,” o qeyd edib.
Gəncə şəhərində (Bakıdan 364 kilometr qərb) fəaliyyət
göstərən dunyaninsesi.az saytının rəhbəri Ərşad İbrahimov ötən ilin dekabrında Daxili İşlər Nazirliyinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş
İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Saytın rəhbərinə Cinayət Məcəlləsinin 282.2.2-ci (təhdid yolu ilə tələb etmə, dəfələrlə törədildikdə) maddəsilə ittiham irəli sürülüb.
Onun qardaşı Tural İbrahimovun sözlərinə görə, Ərşad İbrahimov Gəncə şəhər tibb müəssisələrindən birinin rəhbərinin şikayəti əsasında saxlanılıb.
“Guya 2021-ci ildə Ərşad İbrahimov ondan 200 manat rüşvət alıb, sonra yenidən təhdid yoluyla ondan pul tələb edib. Amma həbsin "əsl səbəbi" qardaşımın polis orqanlarını tənqid etməsidir”, o qeyd edib.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Amerikanın Səsinə bildiriblər ki, Ərşad İbrahimov vətəndaşların çoxsaylı şikayətləri əsasında saxlanılıb, faktla
bağlı araşdırma aparılır.
Ərşad İbrahimov bundan öncə 2014-cü ildə də pul tələb etmə ittihamı ilə cinayət məsuliyyətinə cəlb edilib. Gəncə məhkəməsi onu 11 il müddətinə azadlıqdan məhrum edib.
Apellyasiya Məhkəməsi həbs müddətini 10 ilə, Ali Məhkəmə isə beş ilə endirib. Jurnalist əfv sərəncamı ilə vaxtından əvvəl həbsdən azad edilib.