Avropa İttifaqının Xarici Əlaqələr üzrə Ali Nümayəndəsi Cosep Borrell martın 31-də Türkiyədə keçirilən yerli seçkilərlə bağlı açıqlama verib.
Borrell X sosial media platformasında paylaşdığı mesajda seçkilərin dinc və peşəkar şəkildə keçirilməsinin Türkiyəni şərəfləndirdiyini və vətəndaşlarının yerli demokratiyaya bağlılığını nümayiş etdirdiyini bildirib.
“Münasibətlərimizin mərkəzində fundamental hüquqlar və demokratiya dayanır. Mən Türkiyəni Aİ-yə daha da yaxınlaşdırmaq üçün islahatlar üzərində birgə işləməyi səbirsizliklə gözləyirəm”, Cosep Borrell deyib.
Avropa Şurasının müşahidəçi missiyası da bildirib ki, bazar günü Türkiyədə yerli seçkilər rəqabətli keçib və seçicilərə bir çox variant təklif edib.
Bununla belə, müşahidəçilər seçkilərin “kəskin qütbləşmiş mühitdə” keçdiyini də müəyyən ediblər. Yerli seçkilərin nəticələri Avropa mətbuatında da geniş işıqlandırılıb.
Almaniya mətbuatında “Ərdoğan siyasi karyerasında bu günə qədər ən ciddi məğlubiyyətə uğradı” kimi şərhlər verilib və nəticəyə Türkiyədəki yüksək inflyasiyanın da təsiri olduğu diqqətə çatdırılıb.
Fransa mətbuatında nəticələr “Ərdoğan və AK Partiyanın son 20 ildə ən böyük məğlubiyyəti” kimi şərh edilib və müxalifətin uğuru vurğulanıb.
Reuters, Associated Press və Agence France Presse kimi beynəlxalq xəbər agentlikləri də öz xəbərlərində yerli seçkilərin “AKP hökumətinin aldığı ən böyük məğlubiyyət və ikinci dəfə İstanbul bələdiyyəsinə seçkilərdə qalib gələn Əkrəm İmamoğlununi Ərdoğanın ən böyük rəqibi olduğunu bildirib.