Ülvi Həsənli: "Görünür, mənim adımdan 'Toplum TV' işi üzrə saxlanılanlardan ifadə almaq üçün istifadə etmək istəyirlər"

Ülvi Həsənli

Martın 30-da “Abzas Media”nın direktoru Ülvi Həsənli həbsxanadan bəyanat verib. Saytın direktoru bildirir ki, martın 15-də Apellyasiya Məhkəməsində “Toplum TV” işi üzrə saxlanılanlardan biri ilə ünsiyyətdə olub:

“Söhbət əsnasında öyrəndim ki, ifadə zamanı mənim adımdan həmin adama onun əleyhinə şahidlik etdiyim deyilib. Bildirilib ki, guya xarici ölkələrdən birində olarkən ona böyük məbləğdə pul vermişəm və onun da bu pulu Azərbaycana gətirdiyini etiraf etmişəm. Həmin adam bu söhbətdən təəccüblənib və heç vaxt belə bir hadisənin yaşanmadığını deyib”.

Həsənli bildirir ki, onun nəinki “Toplum TV”nin əməkdaşları, ümumiyyətlə heç kimlə belə bir dialoqu olmayıb.

“Görünür, mənim adımdan “Toplum TV” işi üzrə saxlanılanlardan ifadə almaq üçün istifadə etmək istəyirlər. Bildirirəm ki, mən bu istintaq dövründə ümumiyyətlə ifadə verməkdən imtina etmişəm və “Toplum TV” əməkdaşlarına qarşı da heç bir ifadə verməmişəm. Barəmdə deyilən bu yalanları hökumətin “AbzasMedia”ya qarşı şər kampaniyasının növbəti hissəsi hesab edirəm”, deyə saytın direktoru öz bəyanatında deyir.

Məsələ ilə bağlı aidiyyatı qurumlardan mövqe almaq mümkün olmayıb.

"Abzas Media" ilə bağlı nə baş verib?

"Abzas Media" ilə bağlı cinayət işi üzrə ötən ilin noyabrın 20-də saytın direktoru Ülvi Həsənli saxlanılıb. Həmin gün onun evində və "Abzas Media"nın ofisində axtarış aparılıb və ofisdən 40 min avro pul tapıldığı iddia edilib.

Daha sonra noyabrın 20-də direktor müavini Məhəmməd Kekalov, 21-ə keçən gecə xaricdən qayıdanda hava limanında saytın baş redaktoru Sevinc Vaqifqızı saxlanılıb.

Həmin iş üzrə jurnalistlər Nərgiz Absalamova, Elnarə Qasımova və araşdırmaçı jurnalist Hafiz Babalı da həbs olunub. Onların hamısına Cinayət Məcəlləsinin 206.3.2-ci (öncədən əlbir bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) maddəsi ilə ittiham verilib. Bu maddənin sanksiyasında 5 ildən 8 ilədək həbs cəzası nəzərdə tutulub.

Onların heç biri özünü təqsirli bilmir, həbslərinin peşə fəaliyyətləri ilə bağlı olduğunu bildirir.

Beynəlxalq media müdafiə təşkilatları Azərbaycan hakimiyyətini saxlanan jurnalistləri dərhal azad etməyə, müstəqil mediaya təzyiqləri dayandırmağa çağırıb.