Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının sədri Qubad İbadoğlunun qardaşı Qalib Toğrul onun görmə qabiliyyətini sürətlə itirməkdə olduğunu bildirib.
Qalib Toğrulun sözlərinə görə, siyasətçi artıq televizorda böyük şriftlərlə yazılan titrləri belə dörd-beş metrdən eynəksiz oxuya bilmir.
İbadoğlunun ailəsi hesab edir ki, bu, diabetik retinopatiyanın əlamətləridir.
"Qardaşımın şəkəri ilə bağlı əsaslı müayinə aparılmır və ona adekvat tibbi yardım göstərilmir. Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinin endokrinoloqu hər dəfə insulinin dozasını atırmaqla işini bitmiş sayır", o bildirib.
Qalib Toğrul bildirir ki, bu məsələdə gecikmə siyasətçinin görmə qabiliyyətini tamamilə itirməsinə səbəb ola bilər.
Ailəsi İbadoğlunun böyrəyi, qaraciyəri, ürək-damar sistemindən də şikayət etdiyini deyirlər, lakin orqanlarında gedən proseslərdən xəbərsiz qaldıqlarını bildirirlər.
"Çünki sistemli, dərinləşdirilmiş müayinə və analizlər aparılmır", Qalib Toğrul bildirib.
Penitensiar Xidmətdən məsələ ilə bağlı mövqe almaq mümkün olmayıb.
Ötən il iyul ayında Nərimanov Rayon Məhkəməsi Azərbaycan Demokratiya və Rifah Hərəkatının sədri, iqtisadçı Qubad İbadoğlu barədə həbs qətimkan tədbiri seçib. Qubad İbadoğlu 204.3.1-ci (satış məqsədi ilə hazırlama, o cümlədən saxta pul və ya xarici valyuta əldə etmə və ya satma - eyni əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə), 167-3.1-ci (Dini ekstremist materialları, yəni dini ekstremist fəaliyyəti həyata keçirməyə çağıran və ya belə fəaliyyəti əsaslandıran, yaxud belə fəaliyyətin zəruriliyinə bəraət qazandıran materialları hazırlama, saxlama və ya yayma) maddələri ilə ittiham olunur. İki ittiham üzrə onu 17 ilədək həbs gözləyir.
Azərbaycan Daxili İşlər Nazirliyi Qubad İbadoğlunun Türkiyədə 2016-cı ildə çevriliş cəhdində ittiham olunan, hazırda Amerikada yaşayan Fətullah Gülənin tərəfdarları ilə əlaqədar keçirilən əməliyyat tədbirləri çərçivəsində saxlanıldığını bildirib. Qubad İbadoğlu ittihamları qəbul etmir və həbsinin siyasi sifariş olduğunu qeyd edir.
Bir sıra ölkələr və beynəlxalq təşkilatlar, o cümlədən ABŞ Dövlət Departamenti, ABŞ senatorları və konqresmenləri İbadoğlunun həbsdən azad edilməsi üçün çağırışlar edib.