Jurnalist Teymur Kərimovun işi üzrə istintaq müddəti bitib

Teymur Kərimov

“Kanal 11” internet televiziyasının rəhbəri, həbsdə olan jurnalist Teymur Kərimovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb. Onun işi Bakı Ağır Cinayətlər Məhkəməsində Azad Məcidovun sədrliyilə, Səbinə Məmmədzadə və Əli Məmmədovdan ibarət hakimlər kollegiyasına həvalə olunub. Məhkəmənin ilkin hazırlıq iclası aprelin 5-də keçiriləcək.

Ötən il dekabrın 12-də Nərimanov Rayon Məhkəməsi "Kanal 11" İnternet Televiziyasının rəhbəri Teymur Kərimov barəsində 4 aylıq həbs qətimkan tədbiri seçib.

Kərimov məhkəmədə ittihamları rədd edib. O, peşəkar jurnalist fəaliyyətinə və qanunsuzluqları işıqlandırdığına görə təqib olunduğunu bildirib.

Teymur Kərimov Cinayət Məcəlləsinin 182.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə), 182.2.2-ci və 182.2.4-cü (hədə-qorxu ilə tələb etmə) maddələri ittiham olunurdu.

Vəkil Nemət Kərimli qeyd edib ki, Teymur Kərimov həbsinin jurnalist fəaliyyəti ilə bağlı olduğunu xatırladıb.

"Bundan əlavə Teymur Kərimov bildirdi ki, onu Daxili İşlər Nazirliyinin Mütəşəkkil Cinayətkarlıqla Baş Mübarizə İdarəsində döyüblər. Əvvəlcə narkotik ittihamını etiraf etməsini tələb ediblər. Lakin o etiraf etməyib. Bundan sonra bir neçə şəxslə üzləşmə olub. Sonra onun barəsində qərar seçilib", vəkil əlavə edib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı İbrahim Əmiraslanlı Amerikanın Səsinə faktı təsdiqləyib.

"Dekabrın 11-də bir neçə vətəndaşdan daxil olan şikayət əsasında Teymur Kərimov barəsində Cinayət Məcəlləsinin hədə-qorxu ilə tələb etmə maddəsi ilə cinayət işi qaldırılıb. Hazırda istintaq hərəkətləri aparılır," o, qeyd edib.

Bir sıra medianı müdafiə qrupları, yerli və beynəlxalq təşkilatlar Azərbaycanda jurnalistlərin həbsi ilə bağlı narahatlıq ifadə edərək, Azərbaycan hakimiyyətini müstəqil mediaya və tənqidi səslərə qarşı təqibləri dayandırmağa çağırıblar.