Parlamentlərarası İttifaqın Cenevrədə keçirilən 148-ci Assambleyası çərçivəsində martın 22-də Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri Sahibə Qafarova və Alen Simonyanın ikitərəfli görüşü olub.
Azərbaycan Dövlət televiziyasının (AZTV) məlumatına görə, görüş Parlamentlərarası İttifaqın təşəbbüsü və vasitəçiliyi ilə təşkil olunub.
“Müzakirələrdə Azərbaycan ilə Ermənistan arasında davam edən sülh danışıqları fonunda iki ölkə parlamentinin sülh prosesinə hansı formada dəstək göstərə biləcəyi barədə məsələlər nəzərdən keçirilib. Tərəflər parlament səviyyəsində dialoqun aparılması imkanlarını nəzərdən keçirmək barədə razılığa gəliblər. Görüş konstruktiv mühitdə baş tutub”, AZTV-nin xəbərində deyilir.
Ermənistan mediasında da iki ölkə parlamentinin sədrinin görüşünün baş tutuduğu barədə məlumatlar dərc edilib.
Parlamentlərarası İttifaqın məlumatında isə deyilir ki, görüş iki tərəf arasında hökumətlərarası sülh danışıqlarına parlament səviyyəsində əlavə və töhfə kimi nəzərdə tutulub.
“Parlamentarilər xalqın nümayəndələri kimi gərginliyin azaldılması və etimadın yaradılmasında, eləcə də gələcək sülh sazişinin ratifikasiyası və həyata keçirilməsində əsas rol oynayırlar. Parlamentlərarası İttifaq dialoqu inkişaf etdirmək, mehriban qonşuluq münasibətləri qurmaq və iki ölkə arasında əlaqələrin normallaşmasına yol açmaq üçün iki tərəfə öz xeyirxah vasitəçiliyini təklif edib.
Bu, iki parlament sədrinin ilk görüşü idi. Hər iki tərəf Parlamentlərarası İttifaqın himayəsi altında etimadı bərpa etmək üçün dialoqu davam etdirmək barədə razılığa gəliblər”, məlumatda qeyd edilir.
Məlumatda bildirilir ki, görüş Parlamentlərarası İttifaqın baş katibinin 2024-cü ilin fevralında Ermənistan və Azərbaycana missiyasından sonra keçirilir, o, bu missiya zamanı ən yüksək səviyyələrdə səlahiyyətlilərlə görüşüb və bugünkü müzakirələrin əsaslarını qoyub.
Xatırladaq ki, Azərbaycan Milli Məclisnin sədri Sahibə Qafarova və Ermənistan Milli Assambleyasının sədri Alen Simonyan Parlamentlərarası İttifaqın 148-ci Assambleyasında iştirak etmək üçün martın 22-dən 25-dək Cenevrədə səfərdədir.