Siyasi fəal Bağır Hacızadə Evin həbsxanasının ümumi bölməsinə köçürülüb

Güneyli fəal Bağır Hacızadə

Fevral ayının ilk həftəsində təhlükəsizlik qüvvələri tərəfindən həbs edilən siyasi fəallardan biri olan Bağır Hacızadə Evin həbsxanasının ümumi bölməsinə köçürülüb.

Bölgədəki hüquq müdafiəçilərinin sosial mediada yaydığı xəbərə görə, Bağır Hacızadə martın 17-də ailəsinə zəng edərək, Kəşfiyyat Nazirliyinin təcridxanası olan 209-cu bölmədən həmin həbsxananın ümumi bölməsinə köçürüldüyünü bildirib.

Bu güneyli fəal fevralın 5-də Təbrizdə iş yerində təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib. Onun həbsindən sonra təhlükəsizlik qüvvələri milli fəalın atasının evinin qapısını sındıraraq daxil olub və evdə reyd keçirib. Təhlükəsizlik qüvvələri Hacızadənin şəxsi əşyalarını, o cümlədən kompüterini və kitablarını müsadirə edib.

Polis və təhlükəsizlik qüvvələrinin qapının kilidini sındıraraq evə daxil olması, bu milli fəalın ailə üzvləri arasında qorxu və panika yaradıb. Bu milli fəal fevralın ilk həftəsində bir çox digər həbs olunan fəallar kimi, Evin həbsxanasının 209-cu təcridxanasında dindirilib.

O, 40 gündən çox nəzarətdə saxlanılaraq, təhlükəsizlik qüvvələri tərəfindən dindirilib və hazırda həbsxanaya yerləşdirilib. Bu uzun müddət ərzində o, ailəsi ilə görüşməkdən və onlara zəng etməkdən, dindirilmə zamanı vəkil tutmaq hüququndan məhrum edilib.

Ona qarşı irəli sürülən ittihamlarla bağlı ətraflı məlumat yoxdur. Həmçinin onun müvəqqəti azadlığa çıxması üçün girov məbləğinin müəyyən olunması ilə bağlı hələ ki, heç bir məlumat yayılmayıb.