Xocalı şəhərində (Bakıdan 374 kilometr qərb) kütləvi məzarlıqda aşkar edilən insan qalıqlarının sayı 18-ə çatıb.
Bu barədə Azərbaycanın Baş Prokurorluğunun və Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının birgə məlumatında deyilir.
Məlumata əsasən, qeyd olunan ərazidə həyata keçirilən baxış istintaq hərəkəti nəticəsində aşkar edilən insan qalıqlarının müayinəsi zamanı onların ən azı 18 nəfər şəxsə məxsus olması (4 nəfərin azyaşlı olması ehtimal edilir) müəyyən edilib.
Bildirilib ki, Baş Prokurorluq tərəfindən Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası, Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi” Publik Hüquqi Şəxsi, Azərbaycan Milli Elmlər Akademiyası və Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycan Nümayəndəliyinin əməkdaşlarının iştirakı ilə hadisə yerinə baxış keçirilərək aşkar edilmiş sümük fraqmentləri üzrə zərərçəkmişlərin şəxsiyyətinin, həmçinin, iş üzrə əhəmiyyət kəsb edən digər halların müəyyən edilməsi məqsədilə ekspertiza və laborator müayinələr aparılır, eləcə də digər zəruri prosessual hərəkətlər həyata keçirilir. Məhkəmə-genetik ekspertizasının hazırkı mərhələsində 8 nəfərin şəxsiyyəti müəyyən edilib.
Məlumatda şəxsiyyəti müəyyən edilən şəxslərin 4 nəfərinin Xocalı, 4 nəfərinin Xankəndi şəhər sakinləri olduğu bildirilib və onların adları, soyadları qeyd edilib, fotoları dərc edilib.
“İstintaq materiallarına əsasən qeyd edilən şəxslərin hamısı 1992-ci il fevralın 26-da Xocalı rayonu ərazisində itkin düşüb”, xəbərdə qeyd edilir.
Azərbaycan Xarici İşlər Nazirliyinin Xocalı faciəsinin 32-ci ildönümü ilə bağlı yaydığı bəyanatda deyilir ki, 1991-ci ilin oktyabrından etibarən mühasirəyə alınan və avtomobil əlaqəsi kəsilən, 1992-ci ilin yanvarından isə enerji təchizatı dayandırılmış Xocalı şəhəri 1992-ci il fevralın 25-dən 26-na keçən gecə keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının yardımı ilə Ermənistan silahlı qüvvələri tərəfindən kütləvi artilleriyadan atəşə tutularaq işğal edilib.
“İşğal nəticəsində 63 uşaq, 106 qadın və 70 qoca daxil olmaqla, 613 nəfər xüsusi amansızlıqla qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 130 uşaq valideynlərdən birini, 25 uşaq isə valideynlərinin hər ikisini itirib. Əsir və girov götürülərək amansız işgəncələrə məruz qalan 1275 nəfərdən 68 qadın və 26 uşaq daxil olmaqla, 150 nəfərin taleyi bu günədək naməlum olaraq qalır”, sənəddə qeyd edilir.
Ermənistan rəsmiləri Xocalıdakı qətliamla bağlı ittihamları qəbul etmir və bəzi rəsmi şəxslər hadisələrin baş verməsini Azərbaycan daxilində həmin zaman siyasi çəkişmələrlə əlaqələndirir.