NATO-nun baş katibi Azərbaycan, Gürcüstan və Ermənistana səfər edəcək

Jens Stoltenberg (Mənbə: NATO)

Martın 17-dən 19-dək NATO-nun baş katibi Yens Stoltenberq Azərbaycanа, Gürcüstana və Ermənistana səfər edəcək.

Bu barədə NATO-nun mətbuat xidməti məlumat yayıb.

Məlumatda deyilir ki, martın 17-də NATO-nun baş katibi Bakıda Azərbaycan prezidenti İlham Əliyevlə görüşəcək. Görüşdən sonra Stoltenberq və Əliyev mətbuat üçün açıqlama verəcək.

Martın 18-də Stoltenberq Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Müdafiə naziri Zakir Həsənovla danışıqlar aparacaq.

Elə həmin gün baş katib Tbilisi şəhərinə gedəcək, orada Gürcüstan prezidenti Salome Zurabişvili və baş nazir İrakli Kobahidze ilə görüşəcək. Sonra NATO baş katibinin Gürcüstanın baş naziri ilə birgə mətbuat konfransı keçiriləcək.

Martın 19-da Stoltenberq, Yerevanda Ermənistan prezidenti Vahan Xaçaturyan və baş nazir Nikol Paşinyanla görüşəcək. Stoltenberq və Paşinyan mətbuata birgə bəyanat verəcək.