Martın 15-də "Abzas Media"nın direktor müavini Məhəmməd Kekalov barəsində həbs qətimkan tədbirinin müddəti 2 ay 27 gün uzadılıb.
Xətai Rayon Məhkəməsində hakim Rəfail Sadıxovun sədrliyi ilə keçirilən prosesdə istintaq orqanının həbs müddətlərinin uzadılması ilə bağlı təqdimatına baxılıb və təmin edilib.
Bu barədə Amerikanın Səsinə Məhəmməd Kekalovun dövlət tərəfindən təyin olunmuş vəkili Sənan Əsədov məlumat verib.
"19 iyuna qədər həbs qətimkan tədbirini uzatdılar, prosessual zərurət idi. Qərardan Apellyasiya Məhkəməsinə şikayətlə bağlı onun istəyi olmadı, istəyi olsaydı biz məmnuniyyətlə müraciət edərdik", deyə, Əsədov bildirib.
Vəkilin sözlərinə görə o, Məhəmməd Kekalovun hüquqlarını Bakı Şəhər Baş Polis İdarəsində saxlanılandan bəri müdafiə edir, müvəkkili heç bir psixoloji və fiziki təzyiqə məruz qalmayıb:
"Əsassızdır, boş və mənasız söhbətlərdir. İstər onun Penitensiar Xidmətdə saxlanılma şəraiti, istərsə də polis əməkdaşlarının yanında olduğu müddətdə ona yüksək səviyyədə münasibət göstərilib. Məhəmməd savadlı oğlandır, hətta saxlanılma müddətində onun qoluna qandal da vurulmayıb. Özünü çox yaxşı hiss edir".
Məhəmməd Kekalovun ötən il noyabrın 20-də mülki geyimli şəxslər tərəfindən evindən zorakılıqla aparıldığı bildirilir. Ailəsinin məlumatına görə ondan 2 gün xəbər almaq mümkün olmayıb. O zaman ailəsi və yaxınları ona işgəncə verilməsindən narahat olduqlarını bildiriblər.
Noyabrın 23-də Məhəmməd Kekalovla görüşən vəkil Rövşanə Rəhimli jurnalistlərə bildirib ki, Məhəmməd ondan vəkil kimi imtina etdiyini deyib:
"Mən ona hüquqlarını izah etdim və bildirdim ki, sənin bir neçə vəkilin ola bilər. O isə qəbul etmədi. Görüşümüz müstəntiqin yanında baş tutdu. O, məni tanıdığı halda, vəkili olmağımdan imtina etdi. Mən onunla təklikdə danışmaq üçün şərait yaradılmasını xahiş etdim, amma buna imkan verilmədi".
"Müdafə Xətti" hüquq-müdafiə təşkilatının icraçı direktoru Rüfət Səfərov Amerikanın Səsinə bildirib ki, Kekalovun vəkildən imtina etməsinin öz iradəsi ilə baş verdiyinə inanmır:
"Mən ona inanıram ki, istintaq Kekalovu vəkildən imtina etməsi üçün məcbur edib. Ümumiyyətlə, Azərbaycanda siyasi məhbuslara keyfiyyətli hüquqi xidmət təqdim edən çox az vəkil var. Dövlət tərəfindən təyin olunan vəkillər isə bir çox hallarda ibtidai istintaqla əməkdaşlıq edir və təqsirləndirilən şəxsin müvəkkilin maraqları, hüquqları bir kənarda qalır. Mən şübhə etmirəm ki, indiki halda da Kekalovun müdafiəçisi ona keyfiyyətli hüquqi xidmət göstərmir. Adam şərlənib, adam pis rəftar altındadır, amma o apellyasiya şikayətini verməkdən imtina edirsə, deməli, bunlar hamısı onun iradəsinin əleyhinədir. Bu isə ən azı psixoloji, ən pisi isə fiziki zorakılıq nəticəsində baş verib".
Rüfət Səfərov deyir ki, təcrübədə hətta dövlət tərəfindən təyin olunmuş vəkillərin təqsirləndirilən şəxsə qarşı fiziki zorakılıq göstərdikləri ilə bağlı nümunələr var.
"Müstəntiqlə "bizim vaxtımızı çox alma" deyə əlbir olublar, əl qaldırıblar. Hətta bu yaxınlarda bir vicdan məhbusunun işində dövlət hesabına təyin olunmuş vəkillərdən biri məhkəmə gedə-gedə birbaşa müdafiə etdiyi şəxsə deyib ki, "sənin yerin elə oradır, dörd divar arasıdır, sən İran casususan, məndən imtina et, ananla atan məni bezdirib". Azərbaycanda dövlət tərəfindən təyin olunan vəkillər, xüsusilə də siyasi məhbuslara keyfiyyətli hüquqi xidmət göstərmir", deyə, Səfərov bildirib.
Vəkillər Kollegiyasından bu fikirlərlə bağlı mövqe almaq mümkün olmayıb.
"Abzas Media" ilə bağlı cinayət işi üzrə ötən ilin noyabrın 20-də saytın direktoru Ülvi Həsənli saxlanılıb. Həmin gün onun evində və "Abzas Media"nın ofisində axtarış aparılıb və ofisdən 40 min avro pul tapıldığı iddia edilib.
Daha sonra noyabrın 20-də direktor müavini Məhəmməd Kekalov, 21-ə keçən gecə xaricdən qayıdanda hava limanında saytın baş redaktoru Sevinc Vaqifqızı saxlanılıb.
Həmin iş üzrə jurnalistlər Nərgiz Absalamova, Elnarə Qasımova və araşdırmaçı jurnalist Hafiz Babalı da həbs olunub. Onların hamısına Cinayət Məcəlləsinin 206.3.2-ci (öncədən əlbir bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) maddəsi ilə ittiham verilib. Bu maddənin sanksiyasında 5 ildən 8 ilədək həbs cəzası nəzərdə tutulub.
Onların heç biri özünü təqsirli bilmir, həbslərinin peşə fəaliyyətləri ilə bağlı olduğunu bildirir.
Beynəlxalq media müdafiə təşkilatları Azərbaycan hakimiyyətini saxlanan jurnalistləri dərhal azad etməyə, müstəqil mediaya təzyiqləri dayandırmağa çağırıb.
Azərbaycan hökuməti isə ölkədə insanların siyasi baxışlarına görə təqib edilmədiyini və bütün fundamental hüquqların tam təmin edildiyini bəyan edir.