Martın 15-də Bakıda Azərbaycan, Türkiyə və Gürcüstanın xarici işlər nazirlərinin 9-cu üçtərəfli görüşü keçirilib.
Görüşdən sonra keçirilən brifinqdə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov bildirib ki, müzakirələrin əsas mövzusu regionda təhlükəsizlik, üç ölkə arasında energetika, nəqliyyat, turizm və investisiyalar, habelə bərpa olunan enerji sahələrində strateji əməkdaşlığın möhkəmləndirilməsi olub.
O, qeyd edib ki, Avropa və Asiya arasında "Rəqəmsal İpək Yolu" layihəsinin həyata keçirilməsi də müzakirə olunub.
Bu layihə çərçivəsində fiber-optik kabelin çəkilməsi görüşdə diqqət mərkəzində olub.
Nazir həmçinin Azərbaycanla Ermənistan arasında sülh danışıları ilə bağlı fikir mübadiləsi aparıldığını diqqətə çatdırıb.
Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirib ki, üç ölkə arasında çoxtərəfli əməkdaşlığın genişləndirilməsinə, Cənubi Qafqazda möhkəm sülhün bərqərar edilməsinə dair fikir mübadiləsi aparılıb.
“Sonuncu üçtərəfli görüşdən sonra ötən 4 ildə beynəlxalq aləmdə böyük böhranlara şahid olduq. Bundan əlavə, sevindirici xəbər Azərbaycan 30 illik işğalın ardından ərazi bütövlüyünü təmin etdi. Hər üç ölkə arasında enerji sahəsində əməkdaşlıqlar barədə müzakirələr apardıq”, Hakan Fidan qeyd edib.
Türkiyə xarici işlər naziri deyib ki, Cənubi Qafqazda sülhün təmin edilməsi təkcə bölgə deyil, dünya üçün də önəmlidir.
Onun sözlərinə görə, Gürcüstanın ərazi bütövlüyünə və suverenliyinə hörmət, Gürcüstan-Abxaziya və Gürcüstan-Osetiya münaqişələrinin sülh yolu ilə tənzimlənməsi zərurəti vurğulanıb. Eyni zamanda, Gürcüstanın Avroatlantika strukturları ilə yaxınlaşması prosesinə dəstək ifadə olunub.
Gürcüstanın xarici işlər naziri İliya Darçiaşvili deyib ki, ölkəsi siyasi, ticarət, nəqliyyat və energetika sahələrində üçtərəfli əməkdaşlığı daha da fəallaşdırmağa hazırdır.
O, Gürcüstanın energetika və nəqliyyat layihələrində tranzit ölkə kimi fəal iştirakda maraqlı olduğunu bildirib.
“Azərbaycan və Türkiyə Gürcüstanın ən böyük ticarət tərəfdaşlarıdır. Gürcüstan Cənubi Qafqazda sülhü və dinc yanaşı yaşayışı qətiyyətlə dəstəkləyir. Əminəm ki, Azərbaycanla Ermənistan sülh sazişini imzalayacaq və bu, regionda dönüş nöqtəsi olacaq”, o qeyd edib.
Darçiaşvili vurğulayıb ki, müzakirələrdə birgə regional nəqliyyat layihələrinin perspektivlərinə də toxunulub.
“Enerji ehtiyatlarının Asiyadan Avropaya nəqlində bu üç ölkənin rolu xüsusilə əhəmiyyətlidir. Müzakirələr zamanı, həmçinin Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin yaxın vaxtlarda tam gücü ilə işə başlamasının zəruriliyini vurğuladıq”, o qeyd edib.
Nazir həmçinin Qara dəniz vasitəsi ilə reallaşdırilacaq layihələrin təhlükəsiz şəraitdə həyata keçirilməsinin vacibliyinə diqqət çəkib.
Üç nazirin növbəti görüşü Türkiyədə keçiriləcək.
Turan agentliyinin Siyasi redaksiyasının redaktoru Şahin Hacıyev Amerikanın Səsinə deyib ki, üç ölkənin nazirlərinin davamlı görüşü regionda razılaşdırılmış, siyasət, razılaşdırılmış baxışın formalasdırılması üçün strateji əhəmiyyət kəsb edir.
“Razılaşdırılmış siyasətin əsas məqamları üç ölkənin Cənubi Qafqazda həyata keçiriləcək nəqliyyat və enerji layihələrində iştirakı və maraqlarının müzakirəsidir”, o qeyd edib.
Onun fikrincə, hər üç ölkə dünyadakı mürəkkəb siyasi iqlimdə bir-birinə dəstək olmağa çalışır.
“Son zamanlar bu cür görüşlər çox tez-tez baş verir. Bu o deməkdir ki, regionda vəziyyət çox tez-tez dəyişir, yeni amillər, yeni problemlər yaranır”.
Təhlilçi deyib ki, Rusiya-Ukrayna müharibəsi və Yaxın Şərqdəki münaqişələr fonunda hər üç ölkə ərazi bütövlüklərini dəstəklədiklərini bir daha təsdiq edir.
“Hər üç dövlətin Rusiya-Ukrayna müharibəsi və Yaxın Şərq münaqişələri ilə bağlı öz mövqeyi var. Hansı ki, bu mövqelər bir-biri ilə ziddiyət təşkil etmir. Hər üç ölkə ərazi bütövlüyünü dəstəkləyir, müharibələrin və münaqişələrin tezliklə başa çatmasını istəyir”, Hacıyev qeyd edib.