İranın Şərqi Azərbaycan vilayətində Narkotiklərlə Mübarizə Koordinasiya Şurasının katibi vilayətin 592 məktəbində şagirdlərin narkotik təhlükəsi ilə qarşı-qarşıya olduğunu bildirib.
Yarı-rəsmi Fars agentliyi və Nasr News kimi mənbələrə istinadən, Əmir Rəncbər bu məlumatı Təbrizdə mətbuat nümayəndələri ilə görüşündə açıqlayıb.
“Narkotik mövzusunda diqqətə alınmalı ən önəmli yaş qrupu məktəb şagirdləridir. Bu istiqamətdə Şərqi Azərbaycan vilayətinin həssas məhəllələrində şagirdləri narkotik təhlükəsi ilə qarşı-qarşıya olan 592 məktəb müəyyən edilib,” deyə, Şərqi Azərbaycan valiliyinə bağlı olan şuranın katibi ifadə edib.
Əmir Rənbər həmçinin deyib ki, “təhlükə altına olan məktəblərin ətrafını təmizləmək gündəmə alınmışdır. Əhali məktəbləri ətrafında şübhəli fəaliyyətlər müşahidə etdikləri təqdirdə telefon vasitəsi ilə əlaqədar qurumlara məlumat versinlər.”
Rəncbər eyni zamanda Şərqi Azərbaycan vilayətində narkomaniyanın yayılma səviyyəsinin ümumölkə ortalamasından daha aşağı olduğunu irəli sürüb.