Məhkəmə partiya sədrini ev dustaqlığına buraxmayıb

Qubad İbadoğlu

Martın 14-də Bakı Apellyasiya Məhkəməsində Azərbaycan Demokratiya və Rifah (ADR) Partiyasının sədri, iqtisadçı Qubad İbadoğlunun ev dustaqlığına buraxılması ilə bağlı Nərimanov rayon məhkəməsinin qərarından verilən şikayətə baxılıb.

Hakim şikayəti təmin etməyib.

Qubad İbadoğlunun qardaşı Qalib Toğrul Amerikanın Səsinə açıqlamasında bildirib ki, Qubad İbadoğlu məhkəmədə iştirak edib:

"Qubad bəyin hər iki vəkili məhkəmədə çıxış etdi. Onlar çıxışlarında bildirdi ki, Qubad İbadoğlu ev dustaqlığına buraxılmalıdır. Çünki onun səhhəti həbsxana şəraitində yaşamağa imkan vermir. Çox təəssüf ki, hakim vəkillərin vəsatətləri təmin etməyib. Bu qərarı qəbul edərkən də müstəntiqin əsaslandırmasına söykənib. Əsaslandırma isə ondan ibarətdir ki, istintaq davam edir, ola bilsin ki, Qubad İbadoğluna yaxın müddətdə yeni bir ittiham irəli sürülsün. Biz dəfələrlə şahid olmuşuq ki, hər də müstəntiq belə çıxışlar etsə də, heç bir yeni istintaq hərəkətləri aparılmır. Çünki bu iş saxta və əvvəlcədən planlaşdırılmış işdir. Burada hər hansı bir dəlildən, əsaslı ittihamdan danışmaq yersizdir".

Qalib Toğrul bildirib ki, Qubad İbadoğlunun səhhətindəki problemlərlə bağlı müraciətlərinə müsbət cavab verilmir:

"Xüsusilə şəkərli diabet xəstəliyindən əziyyət çəkir. Artıq 8 aydır ki, şəkəri normallaşmır. Bu da daxili orqanlarında fəsadlara yol açır. Həm gəzinti hüququna məhdudiyyət qoyulması, həm də stres şəkərin normallaşmasına imkan vermir.

Qubad İbadoğlunun səhhəti ilə bağlı müxtəlif qurumlara müraciət edirik. Bu müraciətləri etməyə davam edəcəyik. Biz onun Pentensiar Xidmətin ixtisaslaşdırılmış müalicə müəssisəsinə köçürülməsini tələb edirik. İndiyə qədər etdiyimiz müraciətlərimizə mənfi rəy verilib. Bizə verilən cavablarda buna ehtiyac olmadığı qeyd edilir. Faktiki olaraq, Qubad bəyin səhhətində bizə bəlli olan kifayət qədər problemləri var. Bu səbəbdən də, qarşıdakı günlərdə həm məhkəmə, həm də sorğular vasitəsilə çalışacağıq ki, Qubad bəyin səhhəti ilə bağlı adekvat addımlar atılsın".

İyulun 24-də Bakının Nərimanov Rayon Məhkəməsi Qubad İbadoğlu barədə həbs-qətimkan tədbiri seçib. Qubad İbadoğlu hazırda Azərbaycan Cinayət Məcəlləsinin 204.3.1 (satış məqsədi ilə hazırlama, o cümlədən saxta pul və ya xarici valyuta əldə etmə və ya satma - eyni əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə), 167-3.1 (Dini ekstremist materialları, yəni dini ekstremist fəaliyyəti həyata keçirməyə çağıran və ya belə fəaliyyəti əsaslandıran, yaxud belə fəaliyyətin zəruriliyinə bəraət qazandıran materialları hazırlama, saxlama və ya yayma) maddələri ilə ittiham olunur. İki ittiham üzrə onu 17 ilədək həbs gözləyir.

Azərbaycan Daxili İşlər Nazirliyi Qubad İbadoğlunun Türkiyədə 2016-cı ildə çevriliş cəhdində ittiham olunan, hazırda Amerikada yaşayan Fətullah Gülənin tərəfdarları ilə əlaqədar keçirilən əməliyyat tədbirləri çərçivəsində saxlanıldığını bildirib.

Qubad İbadoğlu ittihamları qəbul etmir və həbsinin siyasi sifariş olduğunu qeyd edir.

Bir sıra ölkə və beynəlxalq təşkilatlar, o cümlədən ABŞ Dövlət Departamenti, ABŞ senatorları və konqresmenləri İbadoğlunun həbsdən azad edilməsi üçün çağırışlar edib.