ABŞ Prezidenti hər il Konqresə Administrasiya tərəfindən müəyyən edilmiş daxili və xarici siyasət prioritetlərini dəstəkləmək üçün büdcə sorğusu təqdim edir.
Bu brifinqdə Katibin İdarəetmə və Resurslar üzrə müavini Riçard Verma Bayden Administrasiyasının Dövlət Departamenti üçün əsas xarici maliyyə məqsədlərini təsvir edib və federal büdcə prosesinin əhəmiyyətini və incəliklərini vurğulayıb.
"ABŞ hökuməti Azərbaycanla bir sıra sahədə hər iki ölkə üçün prioritet olan bəzi əsas mövzular üzrə əməkdaşlıq edir," dövlət katibinin müavini Riç Verma Turan-ın Vaşinqton müxbirinə bildirib.
"Azərbaycan üçün 2025-ci maliyyə ili üzrə sorğuya inklüziv iqtisadi artıma və ticarətin genişləndirilməsinə dəstək, ingilis dilinin tədrisi imkanları, vətəndaş cəmiyyəti və müstəqil KİV, həmçinin insan hüquqlarını müdafiə edən təşkilatlara dəstək, regionda dialoq və etimad quruculuğu tədbirləri daxildir", o vurğulayıb.
Administrasiya Azərbaycan üçün 12,5 milyon dollara yaxın ikitərəfli yardım istəyib ki, bu da ötən illə müqayisədə 2 milyon dollar azdır. Bu, nüvənin yayılmaması, terrorizmə qarşı mübarizə və minalardan təmizləmə proqramlarının daxil edilməməsilə əlaqədardır.
Verma maliyyənin azaldılmasının 907-ci düzəlişlə əlaqəli olub-olmaması barədə suala dəqiq cavab verməyib. Eyni zamanda təsdiqləyib ki, 907-ci düzəlişlə bağlı məhdudiyyətlər qüvvədə qalır.
Rəsmi Bakı hələlik buna cavab verməyib.
Bayden administrasiyasının 2025-ci il üçün büdcə təklifi demokratiya və sülhə dəstəyi, həmçinin Rusiya və Çinin Avrasiya regionunda zərərli təsirinə qarşı mübarizəni əks etdirir. Ümumilikdə büdcəyə Dövlət Departamentinin və USAID-in maliyyələşdirilməsinin $700 milyon dollar artırılması daxildir.
ABŞ Senatı ötən ilin noyabrın 15-də Azərbaycana yardımla bağlı səlahiyyətlərdən imtinanı nəzərdə tutan S3000 qanununu təsdiqləyib.
Azadlığa Dəstək Aktına edilən 907-ci düzəlişə əsasən, ABŞ hökumətinin Azərbaycanın rəsmi strukturlarına yardım göstərməsi qadağan edilib. 907-ci düzəliş 2002-ci ildən bəri ABŞ prezidenti tərəfindən hər il dayandırılırdı.
Noyabrın 21-də isə Azərbaycan Milli Məclisi ABŞ Senatının Azərbaycana yardımla bağlı səlahiyyətlərdən imtinanı nəzərdə tutan S3000 qanunu ilə bağlı bəyanat qəbul edib. Bəyanatda qanunun Azərbaycan əleyhinə olduğu bildirilib və pislənilib. Milli Məclis ABŞ-ı Cənubi Qafqazdakı proseslərlə bağlı "obyektiv" mövqe tutmağa çağırıb.
Birləşmiş Ştatlar bir neçə dəfə Azərbaycan və Ermənistan arasındakı sülh danışıqlarına ev sahibliyi edib. ABŞ rəsmiləri bu müddət ərzində Bakı və Yerevan arasında birbaşa dialoqun güclənidirlməsinə və davamlı sülhün əldə edilməsinə çağırıb.