Şərqi Azərbaycan məhkəməsi Kərim İsmayılzadənin 6 aylıq həbs cəzasını qüvvədə saxlayıb

Kərim İsmayılzadə, idmançı və siyasi fəal

Şərqi Azərbaycan vilayətinin Apellyasiya Məhkəməsi keçən dekabr ayında Təbriz İnqilab Məhkəməsi tərəfindən 6 aylıq həbs cəzasına məhkum olunmuş idmançı və siyasi fəal Kərim İsmayılzadənin həbs cəzasını qüvvədə saxlayıb.

İnsan haqları pozuntuları haqda məlumat yayan Abbas Lisani Telegram kanalının bildirdiyinə görə, siyasi fəalın vəkili Əsgər Məhəmmədi “İslam Respublikası nizamına qarşı təbliğat” ittihamı ilə əlaqədar ona verilən həbs cəzasına etiraz etmişdi.

Güney Azərbaycan Televiziyasının (Günaz TV) surətini nəşr etdiyi məhkəmə hökmündə yazılanlara görə, Şərqi Azərbaycan Apellyasiya Məhkəməsinin 2-ci şöbəsi Kərim İsmailzadənin “Nizama qarşı görüntülər və yazılar yayaraq İslam Cümhuriyyətinin müqəddəs nizamına qarşı təbliğat fəaliyyəti göstərmək” ittihamı ilə iləqədar verilən 6 aylıq həbs cəzasını “müttəhimin fəaliyyətlərinin zərərli təsirlərini nəzərdə tutaraq” qüvvədə saxlayıb.

Kərim İsmayılzadə göstərdiyi fəaliyyətlər və İran Azərbaycanında təşkil olunan etiraz aksiyalarına qatılması səbəbilə keçmişdə dəfələrlə nəzarət altına alınaraq mühakimə olunub. O, o cümlədən keçən ilin avqust ayında Abdullah Ənsari, Mehdi Nəsirzadə və İbrahim Rzayi kimi digər milli fəallar ilə birlikdə "Traktor" futbol klubunun matçını izləmək üçün stadiona girdikləri zaman saxlanılmışdı.