Martın 11-də Bakı Apellyasiya Məhkəməsi “Kanal 11” internet televiziyasının rəhbəri Teymur Kərimovun ev dustaqlığına buraxılmaması ilə bağlı şikayətə baxılıb.
Məhkəmə şikayəti təmin etməyib. Bu barədə Amerikanın Səsinə açıqlamasında vəkil Nemət Kərimli məlumat verib.
"Hüquqlarını müdafiə etdiyim Teymur Kərimovla bağlı həbsin ev dustaqlığı ilə əvəz edilməsi barəsində vəsatəti Nərimanov Rayon Məhkəməsi rədd etmişdi. Həmin qərardan verdiyimiz appelyasiya şikayətinə baxıldı. Heç bir təəccüblü hadisə baş vermədi və qərar qüvvədə saxlanıldı. Teymur Kərimov bir daha bildirdi ki, onun həbsi jurnalist fəaliyyəti ilə bağlıdır", vəkil bildirib.
Teymur Kərimov məhkəmədə hədə-qorxu ilə tələb etmə ittihamını rədd edib. O, peşəkar jurnalist fəaliyyətinə və qanunsuzluqları işıqlandırdığına görə təqib olunduğunu bildirib.
Dekabrın 12-də Nərimanov Rayon Məhkəməsi "Kanal 11" İnternet Televiziyasının rəhbəri Teymur Kərimov barəsində 4 aylıq həbs qətimkan tədbiri seçib.
Vəkil Nemət Kərimlinin sözlərinə görə, Teymur Kərimov 182.2.2 və 182.2.4 (hədə-qorxu ilə tələb etmə) maddələri üzrə təqsirli bilinir.
"Təqdimata görə, o guya üç epizod üzrə iki nəfərdən hədə qorxu ilə pul tələb edib. Lakin Teymur Kərimov özünü təqsirli bilmir və bu məsələlərdən xəbəri olmadığını deyib," vəkil deyib.
Nemət Kərimli qeyd edib ki, Teymur Kərimov həbsinin jurnalist fəaliyyəti ilə bağlı olduğunu xatırladıb.
"Bundan əlavə Teymur Kərimov bildirdi ki, onu Daxili İşlər Nazirliyinin Mütəşəkkil Cinayətkarlıqla Baş Mübarizə İdarəsində döyüblər. Əvvəlcə narkotik ittihamını etiraf etməsini tələb ediblər. Lakin o etiraf etməyib. Bundan sonra bir neçə şəxslə üzləşmə olub. Sonra onun barəsində qərar seçilib", vəkil əlavə edib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı İbrahim Əmiraslanlı Amerikanın Səsinə faktı təsdiqləyib.
"Dekabrın 11-də bir neçə vətəndaşdan daxil olan şikayət əsasında Teymur Kərimov barəsində Cinayət Məcəlləsinin hədə-qorxu ilə tələb etmə maddəsi ilə cinayət işi qaldırılıb. Hazırda istintaq hərəkətləri aparılır," o, qeyd edib.