"Toplum TV"nin əməkdaşlarının həbsi və ofisinin möhürlənməsi ilə bağlı sayt bəyanat yayıb.
Bəyanatda qeyd olunur ki, martın 6-də "Toplum TV" heyəti "Toplumda xəbər" verilişinin növbəti buraxılışını efirə hazırlarkən polis ofisə basqın edib:
"Məhkəmə qərarı təqdim etmədən keçirilən axtarış zamanı polis bir sıra qanunsuzluqlara yol verib. Həmin vaxt redaksiyada olan bütün əməkdaşların telefonları əllərindən alınıb və bununla da onları nəinki vəkil çağırmaq, hətta baş redaktora və təsisçiyə məlumat vermək imkanından da məhrum ediblər. Basqın zamanı polis ofisdəki avadanlığı da qəsb edib və beləliklə də bəzi kompüterlərdən "Toplum TV"nin "Youtube" və "İnstagram" səhifələrinə giriş əldə edib, adları dəyişdirilib və bütün videolar silinib. Bəyan edirik ki, kiberhücuma görə məsuliyyəti Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşları daşıyır".
Bəyanatda deyilir ki, saytın əməkdaşları polisə aparıldıqdan sonra təzyiq altında onlardan telefonlarının şifrəsi tələb olunub və sonra yenə də təzyiq altında şifrə və telefonları könüllü verdikləri barədə protokol imzalatdırılıb.
"Eyni qanunsuzluqla müşayiət olunan həbslər "Toplum TV"nin tərəfdaş təşkilatı Demokratik Təşəbbüslər İnstitutunda da baş verib. Bundan sonra polis həbs olunan əməkdaşların bəzilərinin evində axtarış aparıb və guya müxtəlif məbləğlərdə valyuta aşkarlayıb. Polisin aşkarladığını iddia etdiyi məbləğlər əməkdaşlarımıza aid deyil. Həmin pulların əsassız ittihamlara zəmin yaratmaq üçün əməkdaşlarımızın evinə axtarış zamanı polis tərəfindən yerləşdirdiyinə əminik" - deyə, bəyanatda bildirilir.
"Toplum TV" gəlir götürmədən, professional jurnalistika standartları ilə keyfiyyətli yayım həyata keçirən media qurumu olduğunu qeyd edən sayt efirdə xalqın şikayətləri ilə yanaşı, hökumətin bu şikayətlərə cavabına, hakimiyyətdə və müxalifətdə olanların məsuliyyət və səlahiyyətlərilə bağlı tənqidlərə yer ayırdıqlarını bildirib:
"Balansı hər zaman qorumağa çalışmışıq və səsinin "Toplum TV"dən eşidilməsini istəyən hər kəsə peşəkarlıq normaları çərçivəsində imkan yaratmışıq. Hökumətin "Toplum TV"-ni susdurmaq cəhdi ölkədə həqiqəti ortaya çıxaran medianı tamamilə sıradan çıxarmaq səylərinin bir hissəsidir. "Toplum TV" olaraq qəti şəkildə bəyan edirik: bu cinayət işinin səbəbi bizim fəaliyyətimiz deyil; araşdırıb xalqa çatdırdığımız cinayətlər və qanunsuzluqlardır. Həbslərin, o cümlədən ofisimizə, internet resurslarımıza müdaxilənin sifarişçisi də qanunsuz əməllərinin aşkarlanmasından qorxan hökumətdir".
"Toplum TV"nin bəyanatında deyilir ki, onlar üzləşdikləri kiberhücumun nəticələrinin aradan qaldırılması və videoredaktorları Müşfiq Cabbarın, saytın təsisçisi Ələsgər Məmmədlinin və partnyor DTİ-nin həbs olunmuş əməkdaşlarının hüquqi müdafiəsini təşkil etməyə çalışırlar.
"Bu səbəblər üzündən keyfiyyətli və peşəkar jurnalist işimizdə yaranan fasiləyə görə izləyicilərimizdən üzr istəyirik, tezliklə onların həqiqi və peşəkar xəbər, balanslı müzakirə izləmə hüququnu bərpa edəcəyik. Eyni zamanda, "Toplum TV"yə qarşı atılan repressiv addımların da cavabını tələb edirik və günahkarların məsuliyyət daşıması üçün əlimizdən gələni edəcəyik. "Toplum TV" və onun əməkdaşları sadəcə jurnalistika ilə məşğuldurlar və hər hansı cinayət işi üçün əsas ola biləcək heç bir addım atmayıblar. Bundan sonra da fəaliyyətimizi məhz bu şəkildə davam etdirəcəyik", bəyanatda qeyd olunur.
Martın 6-da hüquq-mühafizə orqanları "Toplum TV"nin, Demokratik Təşəbbüslər İnstitutunun, həmçinin "III Respublika" Platformasının ofislərində, əməkdaşların evlərində axtarışlar aparıb. Axtarış zamanı ofisdə olan iyirmidən çox jurnalist və fəal polis tərəfindən saxlanılıb. Saxlanılanların bir hissəsi sərbəst buraxılsa da, "Tolpum TV"nin jurnalistləri Fərid İsmayılova (polisin nəzarətinə verilməklə ev dustaqlığı imkanı tədbiri seçilib), Müşfiq Cabbara, Elmir Abbasova (polisin nəzarətinə verilməklə ev dustaqlığı imkanı tədbiri seçilib) və Demokratik Təşəbbüslər İnstitutunun rəhbəri, həmçinin "III Respublika" Platformasının spikeri Akif Qurbanova, eləcə də Əli Zeynala, Ramil Babayevə, İlkin Əmrahova qaçaqmalçılıq ittihamı ilə cinayət işi açılıb və barələrində 4 aylıq həbs- qətimkan tədbiri seçilib.
Ramil Babayev martından 7-dən həbsinə etiraz olaraq quru aclığa başladığını elan edib.
Martın 8-də isə "Toplum TV"nin təsisçilərindən Ələsgər Məmmədli və "III Respublika" Platformasının qurucu üzvü Ruslan İzzətli qaçaqmalçılıq ittihamı ilə saxlanılıb və barələrində 4 ay həbs-qətimkan tədbiri seçilib.