"Toplum TV"nin həmtəsisçisi Ələsgər Məmmədli şübhəli şəxs qismində saxlanılıb.
Bu barədə Amerikanın Səsinə vəkil Aqil Layıc məlumat verib.
Onun sözlərinə görə, Ələsgər Məmmədli qaçaqmalçılıqda ittiham olunur. Vəkil onun səhhətində problemlərin olduğunu deyib.
“Səhhətində ciddi problemlər - boğazında, düz bağırsağında və prostatında əməliyyət zərurəti tələb edən şişlər var. Bu gün biopsiya üçün həkimə gedərkən saxlanılıb”, vəkil əlavə edib.
Ələsgər Məmmədlinin yaxınlarının Amerikanın Səsinə dediyinə əsasən, onun evində axtarış zamanı 60 min avro pul tapılıb.
Ailə üzvləri pulun onlara məxsus olmadığını, əməliyyatçılar tərəfindən qoyulduğunu deyirlər.
Vəkil Orxan Abbasovun dediyinə görə, martın 8-də həmçinin III Respublika Platformasının qurucu üzvü Ruslan İzzətli də şübhəli şəxs qismində saxlanılıb.
O bildirib ki, Ruslan İzzətli qaçaqmalçılıqda ittiham olunur.
“Bu gün evində axtarış aparılıb. Guya iddia olunur ki, xeyli miqdarda avro şəklində pul aşkarlanıb. Özü isə qəti şəkildə razılaşmır. Ruslan İzzətli hesab edir ki, bu onun siyasi fəaliyyəti ilə bağlıdır”, vəkil bildirib.
Vəkil həmçinin deyib ki, Ruslan İzzətliyə heç bir fiziki zorakılıq və hədə-qorxu tətbiq olunmayıb. O, 48 saat ərzində Ruslan İzzətlinin məhkəməsinin olmasını da isitisna etməyib.
Öz növbəsində, Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti bu gün saxlanılanlarla bağlı Amerikanın Səsinin sorğusuna hələ cavab verməyib.
Martın 6-da hüquq-mühafizə orqanları "Toplum TV"nin, Demokratik Təşəbbüslər İnstitutunun, həmçinin III Respublika Platformasının ofislərində, bir neçə əməkdaşın evində axtarış aparıb. Məlumata görə, iyirmidən çox əməkdaş polis tərəfindən saxlanılıb, bir neçə saat sonra əməkdaşların əksəriyyəti sərbəst buraxılıb. Onlardan Fərid İsmayılova, Müşfiq Cabbara, Elmir Abbasova və Demokratik Təşəbbüslər İnstitutunun rəhbəri, həmçinin III Respublika Platformasının spikeri Akif Qurbanova, eləcə də Əli Zeynala, Ramil Babayevə, İlkin Əmrahova qaçaqmalçılıq ittihamı ilə cinayət işi açılıb.
"Toplum TV"nin baş redaktoru Xədicə İsmayıl bildirib ki, "cinayət işinin hədəfi tənqidi səslərdir".
Baş redaktor deyib ki, "Toplum TV"-nin avadanlıqları götürülən kimi birinci işləri nəşrin YouTube kanalının materiallarını silmək və adını dəyişmək olub.
"Bunun özü də bir göstəricidir, ola bilsin ki, tam məqsədləri olmasa da, məqsədlərinin bir hissəsi medianı susdurmaqdır", İsmayıl qeyd edib.
Amerikanın Səsinə şərhində Azərbaycan Milli Məclisinin deputatı Bəhruz Məhərrəmov ölkədə müstəqil mətbuata təhdidlərin olmadığını bildirib və son həbsləri milli təhlükəsizliyə hədə sayılan "beşinci kolon"-la əlaqələndirib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Amerikanın Səsinin sorğusuna cavab olaraq bildirilib ki, paytaxtın Nərimanov rayonu Y.V.Çəmənzəminli ev 98 B ünvanında yerləşən ofisdə və əlavə digər ünvanlarda bir qrup şəxsin fəaliyyəti ilə bağlı daxil olan məlumat üzrə polis əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirləri keçirilib.
"Toplum TV" 2016-ci ilin oktyabr ayından fəaliyyətə başlayan müstəqil informasiya resursudur. Əsas məqsədi insan hüquq və azadlıqlarını, ifadə azadlığını ön planda tutaraq cəmiyyətin obyektiv informasiya ilə təmin olunmasına xidmət etməkdir. Sayt həmçinin Demokratik Təşəbbüslər İnstitutunun (IDI) "Demokratiya Məktəbi" proqramının jurnalistika təlimlərində iştirak edən gənclərin peşəkarlıqlarını artırmaq üçün platforma rolunu oynayır.