Martın 8-də Azərbaycan Feminist Hərəkatı “8 Marş – Duruş sərgiləyirik” piketi keçiriblər. Xurşidbanu Natəvanın heykəlinin önündə toplaşan fəalların piketi polis müşayiəti ilə baş tutub.
Your browser doesn’t support HTML5
Qadın haqları fəalları iqlim dəyişikliyinə, ədalətsiz əmək haqqına, erkən nikahlara, məişət zorakılığına, LGBTQİ+ların pozulan hüqualarına, qarşılaşdıqları ayrı-seçkiliyə etiraz ediblər. Onlar həbs edilən qadın jurnalistlər – Sevinc Vaqifqızı, Nərgiz Absalamova və Elnarə Qasımovanın, eləcə də həbs olunan digər siyasi məhbus hesab edilən şəxslərə azadlıq tələb ediblər.
Fəallar "Pulu yedi hökumət, şotu ödədi mətbuat", "Meydanda da, zindanda da yan-yana", "Sevinc üçün, Nərgiz üçün, Elnarə üçün", "Cəsarətli qadın inqilabdır", "Patriarxat sağlamlığa ziyandır", "Kişi-ailə başçısı, oğru ölkə başçısı istəmirik", "Erkən nikah uşaq istismarıdır", "Partiarxal sistemə yox" – kimi plakatlar qaldırıblar.
Polis fəalların əlindəki plakatları alaraq, cırıb. Aksiyanın əvvəlində təşkilatçılardan Gülnara Mehdiyevanı polis ərazidən uzaqlaşdırıb, az sonra isə sərbəst buraxıb.
Feministlər piketin bəyanatını səsləndirib. Onlar bildirib ki, ötən 2023-cü ildə məişət zəminində qətlə yetirilən qadın sayı 63-dür. Ailə, Qadın, Uşaq problemləri üzrə Komitəyə gələn məişət zorakılığı müraciətləri isə son illərlə müqayisədə 3 dəfə artıb:
"Bu mövzuda tələblərimiz hələ də aktual qalır: hökumət qadınlara qarşı zorakılıq və qətllərin qarşısını almaq üçün kağız üstündə yox, reallıqda ciddi tədbirlər həyata keçirsin! Mühafizə orderlərinin verilməsində süni baryerlər aradan qaldırılsın. Qadınların iqtisadi asılılıq olmadan, müstəqil yaşamlarına töhfə verəcək şərait yaradılsın!"
Jurnalist Nigar Mübariz həbsdə olan qadınlara diqqət çəkib. Bildirib ki, Sevinc, Nərgiz, Elnarə üçün burdadır. O, jurnalistlərə azadlıq tələb edib.
Fəallar piketdə müxtəlif şüarlar da səsləndiriblər - "Öldürən dövlət istəmirik", "Öldürən ailə istəmirik", "Azyaşlı nikahına yox deyirik".
Feministlər məktəblərdə baş verən bullinq hallarına, erkən nikahlara etiraz etdiklərini bəyan ediblər.
Aksiyada həmçinin işçi qadınların da problemlərinə diqqət çəkilərək şüarlar səsləndirilib - "Bərabər əmək, ədalətli maaş!", "Qızları qoru, gələcəyi qoru", "Yaşasın qadın işçilər".
Piketin sonunda feminist marşı səslənib və piket baş tutmuş hesab edilib.
Piketin keçiriləcəyi ilə bağlı xəbərdarlıq məktubu Bakı Şəhər İcra Hakimiyyətinə təqdim edilsə də, İcra Hakimiyyəti piketin keçirilməsini məqsədəuyğun hesab etməyib.