Martın 7-də Bakının Xətai Rayon Məhkəməsi "Abzas Media"nın əməkdaşları Elnarə Qasımova və Hafiz Babalının ilkin həbs müddətinin uzadılması ilə bağlı məhkəmə prosesi keçirilib.
Hafiz Babalının vəkili Rəsul Cəfərov Amerikanın Səsinə açıqlamasında bildirib ki, jurnalistin barəsində seçilmiş həbs- qətimkan tədbirinin müddəti 3 ay uzadılıb:
"Həbs-qətimkan tədbirinin daha 3 ay uzadılması ilə bağlı İstintaq orqanı və Bakı şəhər prokurorluğu təqdimat vermişdi. Məhkəmə həmin vəsatəti təmin etdi və həbs müddəti 13 iyun 2024-cü il tarixinədək uzadıldı", vəkil qeyd edib.
Hafiz Babalı məhkəmə iclasında iştirak edib. O, ittihamları rədd edib. Həmçinin jurnalist çıxışında bildirib ki, nə həbsinin seçilməsi, nə də həbs müddətinin uzadılması üçün heç bir əsas yoxdur.
Elnarə Qasımova barəsində seçilmiş həbs-qətimkan tədbirinin müddəti də 3 ay - iyunun 13-nə qədər uzadıb.
Bu barədə jurnalistin vəkili Ayşə Abdel Qadir məlumat verib:
"Jurnalistin həbsdə saxlanılması üçün heç bir maddi və prosessual əsas yoxdur".
Elnarə Qasımova çıxışında bildirib ki, peşə fəaliyyətinə görə təqib olunur.
Müdafiə tərəfi məhkəmənin qərarından şikayət verəcəklərini bildirib.
"Abzas Media" ilə bağlı cinayət işi üzrə ötən ilin noyabrın 20-də saytın direktoru Ülvi Həsənli saxlanılıb. Həmin gün onun evində və "Abzas Media"nın ofisində axtarış aparılıb və ofisdən 40 min avro pul tapıldığı iddia edilib.
Daha sonra noyabrın 20-də direktor müavini Məhəmməd Kekalov 21-nə keçən gecə xaricdən qayıdanda hava limanında təyyarənin içində Sevinc Vaqifqızı saxlanılıb. Bir müddət sonra jurnalist Nərgiz Absalamova, Elnarə Qasımova, ardınca da dekabrın 13-də araşdırmaçı Hafiz Babalı həbs olunub.
Jurnalistlərin hamısına Cinayət Məcəlləsinin 206.3.2-ci (öncədən əlbir bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) maddəsi ilə ittiham verilib. Bu maddənin sanksiyasında 5 ildən 8 ilədək həbs cəzası nəzərdə tutulub.
Onların heç biri özünü təqsirli bilmir, həbslərinin peşə fəaliyyətləri ilə bağlı olduğunu bildirir.
Beynəlxalq media müdafiə təşkilatları Azərbaycan hakimiyyətini saxlanan jurnalistləri dərhal azad etməyə, müstəqil mediaya təzyiqləri dayandırmağa çağırıb.
Azərbaycan hökuməti isə ölkədə insanların siyasi baxışlarına görə təqib edilmədiyini və bütün fundamental hüquqların tam təmin edildiyini bəyan edir.