ABŞ Dövlət Departamenti Azərbaycan polisinin martın 6-da Toplum TV internet kanalının ofisində reyd keçirməsi, televiziyanın əməkdaşlarının, habelə vətəndaş cəmiyyəti fəallarının həbs edilməsindən dərin narahatlıq ifadə edib.
“Jurnalistləri, vətəndaş cəmiyyətinin səslərini və müxalifət nümayəndələrini qorxutmaq və cəzalandırmaq cəhdlərinin davam etdirilməsinə kəskin etirazımızı bildiririk. Azərbaycanı öz fundamental azadlıqlarından istifadə edənlərə qarşı təzyiqlərə son qoymağa və siyasi motivlərlə haqsız yerə həbs edilən bütün şəxslərin azadlığa buraxılmasına çağırırıq”, Dövlət Departamentinin sözçüsü Metyu Miller çərşənbə günü keçirdiyi brifinqdə deyib.
Sözçü əlavə edib ki, Azərbaycan hakimiyyəti ifadə azadlığını boğmağı dayandırmalıdır və bu məsələlər diplomatik müzakirələr zamanı da qaldırılır.
“Mən sizi əmin edə bilərəm ki, biz Azərbaycan rəsmiləri ilə özəl diplomatik müzakirələr apararkən — dövlət katibinin keçən ay etdiyi kimi, biz məhz bu məsələləri qaldırırıq”, Miller Turan agentliyinin sualına cavab olaraq vurğulayıb.
Martın 6-da Azərbaycan Daxili İşlər Nazirliyinin əməkdaşları Toplum TV-nin və III Respublika Platformasının ofisində axtarış aparıb, çoxsaylı jurnalist və vətəndaş cəmiyyəti fəalları saxlanılıb.
Nazirlik bildirib ki, “ofisdə və əlavə digər ünvanlarda bir qrup şəxsin fəaliyyəti ilə bağlı daxil olan məlumat üzrə polis əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirləri keçirilib”.
Saxlanılan Toplum TV jurnalistlərindən Fərid İsmayılova, Müşfiq Cabbara, Elmir Abbasova “qaçaqmalçılıq” ittihamı ilə cinayət işi açılıb. Bu barədə Amerikanın Səsinə Toplum TV internet nəşrinin baş redaktoru Xədicə İsmayıl bildirib.
Yaxınlarının məlumatına görə, polis ötən gün hər üç jurnalistin evində axtarış həyata keçirib.
Redaksiyadakı axtarış zamanı saxlanılaraq Bakı şəhər Baş Polis İdarəsinə aparılan Toplum TV əməkdaşlarından Pərvanə Qurbanlı, Alya Ağayeva, Ceyhunə Həsənli, Cəmilə Əzimova, Fidan Əlicanova, Cavid Ramazanov, Gülyetər Mahmudova, Samir Ağazadə, Sadiq Məmmədov axşam saatlarında sərbəst buraxılıb.
Bununla yanaşı, Toplum TV-nin 90 mindən çox izləyicisi olan Youtube səhifəsi ələ keçirilərək adı dəyişdirilib, səhifədəki bütün videolar silinib.
Your browser doesn’t support HTML5
Toplum TV-nin baş redaktoru Xədicə İsmayıl media qurumuna qarşı polis əməliyyatını ölkədəki “repressiya dalğası” ilə əlaqələndirib.
“Bütün tənqidi fikirləri susdurmağa çalışırlar. Çalışırlar ki, heç bir tənqid platforması qalmasın. Ölkəni qaraltmağa çalışırlar. Ölkədə bütün işıq gələn yerlər qapananadək yəqin ki, repressiya dalğasını davam etdirəcəklər”, Xədicə İsmayıl Amerikanın Səsinin Bakıdakı müxbirlərinə bildirib.
Martın 7-də Böyük Britaniyanın Azərbaycandakı səfirliyi də həbslərlə bağlı narahatlıq ifadə edib.
“Britaniya “Toplum Tv”nin jurnalistləri və “3-cü Respublika” siyasi hərəkatının üzvünün həbsi ilə bağlı dərin narahatdır. Biz Azərbaycanı bu yaxınlarda həbs edilmiş media nümayəndələri daxil olmaqla, hər bir kəsin ifadə azadlığı və fundamental insan hüquqlarını qorumağa çağırırıq”, Səfirlik X səhifəsində yazıb.
Martın 6-da III Respublika Platformasının spikeri, Demokartik Təşəbbüslər İnstitutunun (DTİ) direktoru Akif Qurbanov və DTİ-nin fəalları Əli Zeynal, Ramil Babayev və İlkin Əmrahov da saxlanılıb və onlara qarşı Cinayət Məcəlləsinin 206.3.2 - “qaçaqmalçılıq” maddəsi ilə cinayət işi açılıb.
Akif Qurbanovun evində aparılan axtarış zamanı onun vəkili Şəhla Hümmətovanın axtarışda iştirakına imkan verilməyib.
“Akif Qurbanov bildirib ki, axtarış zamanı evindən sənədlər götürülüb. O dedi ki, polislər III Respublika Platformasının ofisinə basqın ediblər, oraya 30 min avro yerləşdiriblər və sonra götürüblər. Akif Qurbanov və Ruslan İzzətlini bir otağa salıblar və özləri nəzarətsiz hərəkətlər ediblər. Qurbanov bildirdi ki, götürülən pulun ona və III Respublika Platformasına aidiyyatı yoxdur", vəkil qeyd edib.
Saxlanılan III Respublika Platformasının üzvləri Ruslan İzzətli və Araz Əliyev sonradan sərbəst buraxılıb.
Hüquq müdafiəçisi Anar Məmmədli jurnalist və vətəndaş cəmiyyəti fəallarının saxlanılmasını “repressiyanın yeni dalğası” adlandırıb.
“Toplum TV əməkdaşları və yenicə yaranmış Üçüncü Respublika Platforması təmsilçilərinin saxlanması ifadə azadlığı, birləşmək və siyasi iştirak hüquqlarının amansızcasına pozulmasıdır. Onların qondarma ittihamlarla həbsi siyasi repressiyanın yeni dalğası sayıla bilər”, Məmmədli qeyd edib.
İnsan hüquq və azadlıqlarını, ifadə azadlığını ön planda tutaraq cəmiyyətin obyektiv informasiya ilə təmin olunmasını məqsəd tutan Toplum TV 2016-cı ilin oktyabr ayında fəaliyyətə başlayıb.
Toplum TV həmçinin Akif Qurbanovun rəhbəri olduğu Demokratik Təşəbbüslər İnstitutunun (IDI) “Demokratiya Məktəbi” proqramının jurnalistika təlimlərində iştirak edən gənclərin peşəkarlıqlarını artırmaq üçün platforma rolunu oynayır.