Toplum TV-nin ofisi möhürlənib, cinayət işi açılıb

Your browser doesn’t support HTML5

Toplum TV-nin və III Respublika Platformasının ofisində saxlanılanlara qarşı qaçaqmalçılıq ittihamı ilə cinayət işi açılıb. Bu barədə polis axtarışı zamanı Toplum TV-nin ofisində saxlanılanlardan biri olan Fərid İsmayılovun vəkili Zibeydə Sadıqova bildirib. Onun sözlərinə görə, Fərid İsmayılova, Müşfiq Cabbara, Əli Zeynala, Ramil Babayevə, Elmir Abbasova, İlkin Əmrahova qaçaqmalçılıq ittihamı ilə cinayət işi açılıb.

Vəkil İsmayılovun səhhətindən çox narahat olduğunu bildirib.

“Fərid ötən ilin noyabrında burnundan, dekabrında isə üç dəfə ağ ciyərindən cərrahi əməliyyat olunub. O hələ də həkim nəzarətində idi. Ona görə çox narahatıq”.

Sadıqova jurnalistə təzyiqlərlə bağlı şikayət verəcəyini deyib.

“O bildirdi ki, məcbur ediblərki sənədlərə qol çəksin. Lakin Fərid heç bir sənədə imza atmayıb. Bununla bağlı protokolda qeydlərimizi etdik. Müvafiq orqnalara şikayət edəcəyik”, Sadıqova qeyd edib.

Akif Qurbanovun evində axtarış aparılarkən.

Saat 22 radələrindən başlayaraq Toplum TV-nin Bakı şəhər Baş Polis İdarəsində saxlanılna əməkdaşları və təcrübəçiləri Pərvanə Qurbanlı, Alya Ağayeva, Ceyhunə Həsənli, Cəmilə Əzimova, Fidan Əlicanova, Cavid Ramazanov, Gülyetər Mahmudova, Samir Ağazadə, Sadiq Məmmədov sərbəst buraxılıb.

Bu barədə Toplum TV-nin baş redaktoru Xədicə İsmayılova Amerikanın Səsinə bildirib

Onun sözlərinə görə, hazırda Demokratik Təşəbbüslər İnstitutunun əməkdaşları Akif Qurbanov, Ruslan İzzətli, Əli Zeynal, İlkin Əhmədov, həmçinin Toplum TV-nin əməkdaşları Taleh Bədəlov, Xanlar Əlizadə, Müşfiq Cabbarov və Fərid İsmayılzadə polisdə saxlanılır.

III Respublika Platformasının üzvləri Ruslan İzzətli və Araz Əliyev sərbəst buraxılıb. Bu barərə İzzətlə Facebook sosial şəbəkəsində paylaşdığı canlı yayımda bildirib.

Vəkil Şəhla Hümbətova Amerikanın Səsinə bildirib ki, Akif Qurbanov Cinayət Məcəlləsinin 206,3.2 maddəsi (qaçaqmalçılıq) üzrə şübhəli şəxs qismində saxlanılıb.

"Akif Qurbanov bildirib ki, axtarış zamanı evindən sənədlər götürülüb. O dedi ki, polislər III Respublika Platformasının ofisinə basqın ediblər, oraya 30 min avro yerləşdiriblər və sonra götürüblər. Akif Qurbanov və Ruslan İzzətlini bir otağa salıblar və özləri nəzarətsiz hərəkətlər ediblər. Qurbanov bildirdi ki, götürülən pulun ona və III Respublika Platformasına aidiyyatı yoxdur", vəkil qeyd edib.

Amerikanın Səsinin müxbiri hadisə yerindən bildirib ki, hazırda Toplum TV-nin əməkdaşı Elmin Abbasovun evində axtarış aparılır.

***

Martın 6-da bir qrup hüquq-mühafizə orqanı əməkdaşı Toplum TV internet nəşrinin ofisində axtarış aparıb. Axtarışdan sonra nəşrin redaksiyasının qapıları möhürlənib.

Bu barədə Toplum TV-nin baş redaktoru Xədicə İsmayıl Amerikanın Səsinə deyib.

“İndi axtarış bitib, ofisimizi möhürləyiblər. Əməkdaşlarımızı Bakı Şəhər Baş Polis İdarəsinə aparıblar. Onu bilirəm ki, bizim ofisimizdə qeyri-qanuni heç nə olmayıb. Cinayət üçün heç bir hüquqi əsas verməmişik. Nə tapacaqlar, nə uyduracaqlar, bu artıq onların məsuliyyətidir”, o qeyd edib.

Your browser doesn’t support HTML5

Xədicə İsmayıl: Nə tapacaqlar, nə uyduracaqlar, bu artıq onların məsuliyyətidir

İsmayıl nəşrin neçə əməkdaşının saxlanıldığını bilmir.

“Amma ofisdə olan əməkdaşların heç birinə zəng çatmır”, o qeyd edib.

Xədicə İsmayıl axtarışın səbəbləri barədə bir söz deməyib.

“Sadəcə ölkədə bir repressiya dalğası var. Bütün tənqidi fikirləri susdurmağa çalışırlar. Çalışırlar ki, heç bir tənqid platforması qalmasın. Ölkəni qaraltmağa çalışırlar. Ölkədə bütün işıq gələn yerlər qapananadək yəqin ki, repressiya dalğasını davam etdirəcəklər”, o qeyd edib.

Axtarış yerində olan Amerikanın Səsinin müxbiri bildirib ki, hazırda III Respublika Platformasının spikeri Akif Qurbanov, bu qurumun rəsmiləri Ruslan İzzətli, Elmir Abbasov, Araz Əliyev və Toplum TV-nin jurnalistləri Pərvanə Qurbanlı, Fərid İsmayılov, Alya Ağayeva, Taleh Bədəlov, Sadiq Qurbanov, Müşfiq Cabbarov, Cavid Ramazanov polis tərəfindən aparılıb.

Toplum TV-nin ofisi möhürlənib.

Öz növbəsində Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Amerikanın Səsinin sorğusuna cavab olaraq bildirblər ki, paytaxtın Nərimanov rayonu Y.V.Çəmənzəminli ev 98 B ünvanında yerləşən ofisdə və əlavə digər ünvanlarda bir qrup şəxsin fəaliyyəti ilə bağlı daxil olan məlumat üzrə polis əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirləri keçirilib. Əlavə məlumat veriləcəkdir.

Toplum TV 2016-ci ilin oktyabr ayından fəaliyyətə başlayan müstəqil informasiya resursudur. Əsas məqsədi insan hüquq və azadlıqlarını, ifadə azadlığını ön planda tutaraq cəmiyyətin obyektiv informasiya ilə təmin olunmasına xidmət etməkdir. Sayt həmçinin Demokratik Təşəbbüslər İnstitutunun (IDI) "Demokratiya Məktəbi" proqramının jurnalistika təlimlərində iştirak edən gənclərin peşəkarlıqlarını artırmaq üçün platforma rolunu oynayır.