Analitiklərin fikrincə, İran bölgədəki militantları dəstəkləyərək Qəzzadakı İsrail-HƏMAS müharibəsindən Yaxın Şərqdəki nüfuzunu möhkəmləndirmək üçün istifadə edir. Bununla belə, analitiklər sual edirlər ki, Tehran beş aya yaxındır davam edən münaqişənin genişlənməsinə və güclənməsinə kömək etməklə, nə qazanacaq?
Livanlı analitik Patrisia Karam deyir ki, İran münaqişəni Yaxın Şərqdəki şiə qruplaşmalar üzərində daha çox təsir göstərmək imkanı kimi görür. İran Tehrana müxtəlif səviyyələrdə hərbi və siyasi yaxınlığı olan qrupların daxil olduğu “müqavimət oxu”nun bir hissəsidir.
O, yaraqlı qrupun oktyabrın 7-də İsrailin cənubuna qəfil hücumu və İsrailin hərbi cavabı nəticəsində yaranan İsrail və İranın dəstəklədiyi HƏMAS arasında müharibə səbəbindən Yaxın Şərqdə anti-İsrail əhval-ruhiyyəsinin artdığını qeyd edir.
Karam deyib ki, Qəzzada ölüm və dağıntıların heyrətamiz miqyasını və Fələstin anklavında ağırlaşan humanitar vəziyyəti nəzərə alaraq, Birləşmiş Ərəb Əmirlikləri və Bəhreyn kimi İsraillə Abraham Sazişlərini imzalayanlar üçün indi İsraillə əməkdaşlıq etmək daha çətindir.
Razılaşmalar İsrail və bəzi ərəb ölkələri arasında əlaqələrin normallaşdırılmasını nəzərdə tutur. Bundan əlavə, o qeyd edib ki, münaqişə İsrail və Səudiyyə Ərəbistanı arasında əlaqələri normallaşdırmaq səylərinə mane olub. Karam əlavə edib ki, münaqişə daha da dərinləşsə, İran xüsusilə İsrailin şimal qonşusu Livana münasibətdə çox zərər görəcək. İranın dəstəklədiyi Hizbullah Livanda yerləşir.
Yaxın Şərq üzrə Carnegie Mərkəzindən Maykl Yanq deyir: “İranın regional nüfuzunun artdığına dair etiraflarına baxmayaraq, bir şey eyni dərəcədə aydındır. İranlılar öz qüdrətlərini harda təsdiqləyiblərsə, nəticələr fəlakətli olub. Müşahidəçilər İranyönlü regional siyasi-hərbi aktyorlar şəbəkəsini “müqavimət oxu” kimi təsvir edirlər, lakin reallıq budur ki, o, hər yerdə ilk növbədə xarabalıq yaradır”.
O, Suriya və Yəməndə İranın dəstəklədiyi dağıdıcı müharibələrə işarə edərək, İraqda hazırda “funksional dövlətin yaranmasına mane olan və seçkilərə xələl gətirən” iranyönlü militantların üstünlük təşkil etdiyini bildirib.
Vaşinqtondakı Wilson Mərkəzinin Qlobal əməkdaşı və ABŞ-ın Livandakı keçmiş səfiri Devid Heyl bu yaxınlarda keçirilən vebinar zamanı ABŞ-ın İrana bilavatitə qarşı çıxmalı olduğunu deyib. Lakin o, Tehrandakı rejimin aktiv şəkildə devrilməsinə çağırmayıb.
Bu arada İran xəbərdarlıq edib ki, İsrail-HƏMAS müharibəsi davam etdikcə onunla ABŞ arasında birbaşa qarşıdurma ehtimalı artır.
ABŞ diplomatı Amos Hohştein Livan-İsrail sərhədində daha böyük qarşıdurmaya yol verilməməsi məqsədilə və döyüşləri azaltmaq ümidi ilə bazar ertəsi Beyruta səfər edib.