Qərbi Azərbaycan vilayətinin Qoşaçay şəhərində siyasi fəala qarşı ittiham irəli sürülüb

Behzad Xudabəndəli, siyasi fəal

Qərbi Azərbaycan vilayətinin cənubunda yerləşən Qoşaçay (Miyandab) şəhərinin prokurorluğunda siyasi fəal Behzad Xudabəndəliyə qarşı ittiham aktı oxunub.

Araz News saytı və HRA agentliyi kimi mənbələrin məlumatına görə, “türk fəal daha əvvəl ona göndərilən elektron çağırışa uyğun olaraq bazar ertəsi günü Miyandabın ümumi və inqilab prokurorluğunun 3-cü şöbəsinə müraciət edib.”

Xudabəndəlinin prokurorluğa müraciət etdikdən sonra nəzarət altına alındığı fəqət ittihamların oxunması və son müdafiəsinin alınmasının ardınca müvəqqəti olaraq sərbəst buraxıldığı bildirilib.

HRA agentliyinin xəbərinə görə, o, 300 milyon tümənlik mülki zəmanət qarşılığında azad edilib. Siyasi fəalın Instagram səhifəsində də bu barədə məlumat paylaşılıb.

Xudabəndəliyə qarşı “İslam Respublikası nizamına müxalif qruplar və təşkilatların xeyrinə təbliğat fəaliyyəti”, “ictimai rəydə təşviş yaratmaq” və “nizama qarşı təbliğat fəaliyyəti göstərmək” ittihamları irəli sürülüb.

Qoşaçay sakini Behzad Xudabəndəlinin evli və təqribən 35 yaşında olduğu bildirilib.