Ermənistan Respublikası Ermənistan-Azərbaycan sərhədini keçən azərbaycanlı hərbçi Ruslan Pənahovu Azərbaycan tərəfinə təhvil verib.
Nartın 5-də Ruslan Pənahov Azərbaycana gətirilib. O, Bakı aeroportunda jurnalistlərə bildirib ki, vətənə qayıtmaq çox yaxşı hissdir.
"Hazırda səhhətim normaldır. Özümü yaxşı hiss edirəm,” Pənahov deyib.
Hərbçinin ölkəsinə qaytarılacağı ilə bağlı martın 4-də Ermənistan Milli Təhlükəsizlik Xidmətinin mətbuat xidməti məlumat yayıb.
“Xoşməramlılıq əlaməti olaraq və Ermənistan ilə Azərbaycan arasında ən yüksək səviyyədə əldə edilmiş razılaşmaya uyğun olaraq azaraq qarşı tərəfə keçmiş hər iki tərəfin hərbi qulluqçularının ən qısa zamanda geri qaytarılması öhdəliyinə əsasən Ermənistan Ruslan Pənahovu Azərbaycan tərəfinə təhvil vermək qərarına gəlib,” Milli Təhlükəsizlik Xidmətinin bəyanatında deyilir.
Fevralın 28-də Azərbaycan Müdafiə Nazirliyi Pənahovun əlverişsiz hava şəraitində azdığı barədə məlumat yaymışdı.