Xocalı şəhərində (Bakıdan 374 kilometr qərb) aşkar edilən növbəti kütləvi məzarlıqda tapılan insan qalıqlarının sayı 14-ə çatıb.
Azərbaycan Baş Prokurorluğunun Mətbuat xidmətinin məlumatında deyilir ki, azad edilmiş Xocalı şəhərinin mərkəzində (keçmiş xalça fabrikinin yaxınlığında) həyata keçirilən əsaslı bərpa-quruculuq işləri çərçivəsində aparılan qazıntı işləri zamanı basdırılmış vəziyyətdə kütləvi insan qalıqlarının aşkar olunması faktı ilə bağlı Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsində araşdırmalar davam etdirilir.
“Qeyd olunan ərazidə həyata keçirilən baxış istintaq hərəkəti nəticəsində daha 1 nəfərə aid insan qalıqları aşkar olunub və bununla da kütləvi məzarlıqda basdırılan insan qalıqlarının ən azı 14 nəfər şəxsə məxsus olması, onların müxtəlif üsullarla işgəncələrə məruz qalmaları, onların fərdi şəkildə və mənsub olduqları dinin tələblərinə uyğun qaydada dəfn olunmamaları müəyyən edilib”, məlumatda qeyd edilir.
İndiyədək azad edilmiş ərazilərdə 1992-1994-cü illər birinci Qarabağ Müharibəsi zamanı azərbaycanlı hərbçilərin və mülki şəxslərin basdırıldığı bir neçə kütləvi məzarlıq aşkar edilib.
Azərbaycan Xarici İşlər Nazirliyinin Xocalı faciəsinin 32-ci ildönümü ilə bağlı yaydığı bəyanatda deyilir ki, 1991-ci ilin oktyabrından etibarən mühasirəyə alınan və avtomobil əlaqəsi kəsilən, 1992-ci ilin yanvarından isə enerji təchizatı dayandırılmış Xocalı şəhəri 1992-ci il fevralın 25-dən 26-na keçən gecə keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının yardımı ilə Ermənistan silahlı qüvvələri tərəfindən kütləvi artilleriyadan atəşə tutularaq işğal edilib.
“İşğal nəticəsində 63 uşaq, 106 qadın və 70 qoca daxil olmaqla, 613 nəfər xüsusi amansızlıqla qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 130 uşaq valideynlərdən birini, 25 uşaq isə valideynlərinin hər ikisini itirib. Əsir və girov götürülərək amansız işgəncələrə məruz qalan 1275 nəfərdən 68 qadın və 26 uşaq daxil olmaqla, 150 nəfərin taleyi bu günədək naməlum olaraq qalır”, sənəddə qeyd edilir.
Ermənistan rəsmiləri Xocalıdakı qətliamla bağlı ittihamları qəbul etmir və bəzi rəsmi şəxslər hadisələrin baş verməsini Azərbaycan daxilində həmin zaman siyasi çəkişmələrlə əlaqələndirir.