Kreml Kyivin avropalı müttəfiqlərinə xəbərdarlıq edib ki, Ukraynaya qoşun göndərmək Rusiya və NATO arasında müharibənin “qaçılmazlığına” gətirib çıxaracaq. Rusiya Fransanın hazırda konsensusun olmamasına baxmayaraq, Ukraynanın qələbə çalması üçün Qərb qüvvələrinin döyüşə göndərilməsi də daxil olmaqla, “heç nəyin” istisna edilmədiyi fikrinə reaksiya verib.
Fransa prezidenti Emmanuel Makron qitə liderlərinin Parisdə keçirilən sammitindən sonra Avropa liderlərinin Kyivin Rusiyanın təcavüzünə qarşı mübarizəsini dəstəkləmək məqsədilə Ukraynanı orta və uzaq mənzilli raketlər və bombalarla təchiz etmək üçün koalisiya yaratmaq barədə razılığa gəldiklərini açıqlayıb.
Makron mətbuat konfransında deyib ki, Avropa quru qoşunlarının Ukraynaya göndərilməsi ilə bağlı "heç bir konsensus" yoxdur, lakin əlavə edib ki, "məqsədimizə çatmaq üçün heç nə istisna edilməməlidir. Rusiya bu müharibədə qalib gələ bilməz".
Kremlin sözçüsü Dmitri Peskov fevralın 27-də Makronun açıqlaması ilə bağlı suala cavab olaraq deyib ki, "NATO ölkələrindən Ukraynaya müəyyən kontingentlərin göndərilməsi imkanının müzakirəsi faktının özü çox vacib yeni elementdir".
"Biz ehtimaldan deyil, [Rusiya ilə NATO arasında birbaşa münaqişənin] qaçılmazlığından danışmaq lazım olacaq" - deyə, Peskov bildirib.
Fevralın 27-də NATO-nun bir neçə avropalı üzvü Ukraynaya qoşun yeritmək ehtimalını rədd edib.
"Bizim əvvəldən öz aramızda və bir-birimizlə razılaşdırılan gələcəyə də aiddir, yəni Ukrayna torpaqlarında Avropa dövlətləri və ya NATO dövlətləri tərəfindən oraya göndərilən hərbçi olmayacaq" - deyə, Almaniya kansleri Olaf Şolz jurnalistlərə açıqlamasında bildirib.
Praqada Çexiyanın Baş naziri Petr Fiala və onun ölkədə səfərdə olan polşalı həmkarı Donald Tusk hökumətlərinin belə bir addım atmağı düşünmədiyini bildiriblər.
"Mən əminəm ki, biz Rusiyanın təcavüzündən sonra getdiyimiz dəstək yollarını inkişaf etdirməliyik" - deyə, Fiala Tuskla birgə mətbuat konfransında deyib.
"İnanıram ki, başqa üsul və ya yollara əl atmağa ehtiyacımız olmayacaq", o həmçinin əlavə edib.
"Polşa öz qoşunlarını Ukrayna ərazisinə göndərməyi planlaşdırmır", Tusk bildirib.
NATO-nun rəhbəri Yens Stoltenberq fevralın 27-də Associated Press agentliyinə deyib ki, "NATO müttəfiqləri Ukraynaya görünməmiş dəstək verir. Biz bunu 2014-cü ildən etdik və genişmiqyaslı müdaxilədən sonra gücləndirdik. Lakin NATO-nun Ukraynaya qoşun yerləşdirilməsi planı yoxdur".
Fevralın 26-dək davam edən sammitdə Almaniya kansleri Olaf Şolz, Polşa prezidenti Anjey Duda və Baltikyanı ölkələrin liderləri də iştirak ediblər. Görüşdə ABŞ-ı Avropa üzrə baş diplomatı Ceyms O'Brayn təmsil edib. Britaniya isə toplantıya xarici işlər naziri David Kameronu göndərib.
"Biz həmçinin Ukrayna prezidenti Volodimir Zelenskinin çağırış etdiyi raket əleyhinə müdafiə koalisiyasına yeni təkan vermək və dərin zərbələr həyata keçirmək üçün orta və uzaqmənzilli raket və bombalar üzrə bu axşam belə bir doqquzuncu koalisiyanı yaratmaq qərarına gəldik" - deyə, Makron görüşdən sonra mətbuat konfransında bildrib.
Sammitdə videobağlantı vasitəsilə qoşulan Zelenski Avropa liderlərini Rusiya prezidenti Vladimir Putinin Ukraynanın nailiyyətlərini məhv edə bilməməsi və təcavüzünü başqa ölkələrə genişləndirə bilməməsini təmin etməyə çağırıb.
Ukrayna canlı qüvvə və böyük sursat ehtiyatına malik olan Rusiya qüvvələrinin getdikcə daha intensiv hücumlarına müqavimət göstərmək üçün Qərb müttəfiqlərindən, əsasən də ABŞ-dan olan qabaqcıl silah və sursat təchizatına çox ehtiyac duyur.
ABŞ-ın 61 milyard dollar dəyərində kritik hərbi yardım paketinin Respublikaçıların rəhbərlik etdiyi Nümayəndələr Palatasında bloklandığı vaxt Ukrayna qüvvələri bu yaxınlarda şərqdəki bəzi müdafiə mövqelərindən geri çəkilmək məcburiyyətində qalıblar.
"ABŞ tərəfdən qeyri-müəyyənlik olduğu vaxtda Avropa Ukraynaya yardımla bağlı təşəbbüsü ələ almağa və birlikdə hərəkət etməyə kömək edəcək" - deyə Makron bildirib. O həmçinin əlavə edib ki, sammitə qatılan liderlər arasında daha çox və daha tez hərəkətə keçməklə bağlı geniş konsensus var.
Bununla belə Makron Qərbin quru qoşunlarının Ukraynaya göndərilməsi ilə bağlı "heç bir konsensusun olmadığını" deyib. Lakin o əlavə edib ki, "məqsədimizə çatmaq üçün heç bir şey istisna edilməməlidir. Rusiya bu müharibədə qalib gələ bilməz".
Görüşdən sonra jurnalistlərlə ayrılıqda danışan Duda isə bildirib ki, Qərb qoşunlarının Ukraynaya göndərilməsinin mümkünlüyü ilə bağlı iştirakçılar arasında “heç bir istək yoxdur”.
Bununla belə toplantı iştirakçıları bildiriblər ki, Fransa da daxil olmaqla, Avropa ölkələri Çexiyanın Aİ-dən kənarda sursat və mərmi alıb Ukraynaya göndərməklə bağlı təşəbbüsünə dəstək artır.
Niderlandın baş nazir Mark Rutte bildirib ki, ölkəsi bu məqsədlə 100 milyon avrodan çox vəsait ayırmağa hazırdır.