Həbsdə olan siyasi fəal Tofiq Yaqublunun qızı Nigar Həzi fevralın 21-də atası ilə telefonla danışıb.
Nigar Həzi Amerikanın Səsinə bildirib ki, Rusiya müxalifətinin lideri Aleksey Navalnının ölümündən sonra Tofiq Yaqublu ilə bağlı narahatlıqları daha da artıb.
“Bir az əvvəl ata ilə danışdım. Telefon danışığımızda bəlli oldu ki, onu yenidən müayinəyə aparıblar. Həm rentgen olunub, həm də ürəyi yoxlanılıb. Həbsxanadakı həkim bundan əvvəlki qan analizinin nəticəsində qanda xolesterinin miqdarının normadan artıq olduğunu bildirib və buna görə “Disliptin” adlı dərman qəbul etməsi üçün ataya verilib. Bu həftənin 5-ci günü isə USM müayinəsi ediləcəyini bildirdi. Ata bunu nə məqsədlə etdiklərini soruşanda, müəssisədən bildiriblər, sadəcə müayinə edirik. Ümid edirəm bu müayinələr xoş niyyətlə edilir”, o qeyd edib.
Həmçinin Tofiq Yaqublunun ailəsindən Amerikanın Səsinə bildiriblər ki, o son zamanlar sürətlə çəki itiməyə başlayıb.
"Onun çəki itirməsi bizi çox narahat edir. İndi Penitensiar Xidmətin təşəbbüsü ilə Tofiq bəyin müayinəsi aparılır", o qeyd edib.
Ailə üçvü hesab edir ki, siyasi məhbusların həm Rusiyada, həm Belarusda həbsxanada həyatını itirməsi Azərbaycanda da siyasi məhbuslara diqqət ayrılmasına təsir edir.
"Rusiyada Navalnının ölməsi postsovet ölkələrində sanki bir tendensiyaya çevrilib. Navalnıdan sonra Belarusda jurnalist dünyasını dəyişdi. Bütün bunlar narahat olmağa əsaslar yaradır".
Ailənin Azərbyacan hökumətinə hər hansı müraciətlərinin olmadığını bildiriblər.
"Tofiq bəyi şərləyib tutublar. Məsələ ondadır ki, hökumət məsuliyyətli davranmalıdır. Başa düşməlidir ki, belə hadisələr həm dövlət, həm ictimaiyyət, həm siyasi durum, həm də ailə üçün hansı faciələrə səbəb ola bilər. Bu qondarma istintaqlar yekunlaşmalıdır. Həm Tofiq bəylə, həm Qubad bəylə, həmn də digər siyasi məhbuslarla bağlı faciədən qurtarmağın yolu budur. Onlar azadlığa buraxılmaldır. Zaman da göstərir ki, siyasi rəqiblərlə, tənqidçilərlə belə dillə danışmaq yaxşı nəticələr vermir", ailə üzvü Amerikanın Səsinə deyib.
Bununla bağlı Amerikanın Səsinin Ədliyyə Nazirliyinin Penitensiar Xidmətindən şərh alması hələ mümkün olmayıb.
Demokratik Qüvvələrin Milli Şurasının Koordinasiya Mərkəzinin və Müsavat Partiyasının üzvü Tofiq Yaqublu ötən il dekabrın 14-də həbs edilib. Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq), 320.1-ci (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama və ya satma) və 320.2-ci (bilərəkdən saxta sənədlərdən istifadə etmə) maddələri ilə cinayət işi başlanıb.
Siyasətçi bundan öncə də dəfələrlə cinayət və inzibati təqiblərə məruz qalıb. Beynəlxalq təşkilatlar onu vicdan məhbusu kimi tanıyıb.
Son günlərdə ölkədə qaçaqmalçılıq, sənədsiz torpaq üzərində qanunsuz ev tikmək və başqa ittihamlarla 10 jurnalist və media əməkdaşı həbs edilib.
2023-cü ilin iyul ayında iqtisadçı alim, ADR Partiyasının sədri Qubad İbadoğlu (satış məqsədi ilə saxta valyuta hazırlamaqda ittiham olunur), 2021-ci ilin dekabrından insan hüquqları faəlı Bəxtiyar Hacıyev (Cinayət Məcəlləsinin 8 maddəsi üzrə ittiham olunur) həbs edilib.
Yerli hüquq müdafiəçilərinin hesabatlarına görə, hazırda ölkədə ümumilikdə siyasi iddialarla 200-dən çox şəxs həbsdədir.
Azərbaycandakı həbslər çoxsaylı beynəlxalq hüquq müdafiə təşkilatları, həmçinin ABŞ Dövlət Departamenti tərəfindən qınanılıb.
Azərbaycan hökuməti isə ölkədə siyasi məhbus kimi tanınan şəxslərlə bağlı beynəlxalq tənqidləri qəbul etmir və qərəzli sayır. Hökumət rəsmiləri Azərbaycanda insanların siyasi baxışlarına görə təqib edilmədiyini və bütün fundamental hüquqların tam təmin edildiyini bəyan edir.