Gəncədə 9 yaşlı qızın qızılcadan öldüyü bildirilir

Gəncə şəhərində 9 yaşlı qız xəstəxanada ölüb. Yerli rəsmi medianın məlumatına görə, Həsənova 20 gün bundan əvvəl qızılcaya yoluxub.

Gədəbəy rayon sakini, 2014-cü il təvəllüdlü Ruqəyya Həsənova xəstəxanaya ağır vəziyyətdə gətirilib. Lakin həkimlərin səylərinə baxmayaraq xəstəxanada vəfat edib.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Amerikanın Səsinin sorğusuna cavabda ölüm faktını təsdiq edib.

“2014-cü il təvəllüdlü şəxs fevtralın 20-də Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına Xəstəxananın Təcili tibbi yardım şöbəsinə ağır vəziyyətdə yerləşdirilib. Ona plevrit diaqnozu qoyulub. Aparılan bütün zəruri tibbi yardımlara və reanimasyon tədbirlərə baxmayaraq bioloji ölüm baş verib. Ölüm səbəbi kimi tənəffüs çatışmazlığı qeyd olunur”, TƏBİB bildirir.

Bundan öncə, Azərbaycanda fevralın 8-də və 18-də azyaşlı uşaqlar qızılcadan vəfat edib.

Dövlət Statistika Komitəsindən Amerikanın Səsinin sorğusuna cavabda bildiriblər ki, ötən ilin 11 ayı ərzində Azərbaycanda 1 493 nəfər qızılcaya yoluxub. 2022-ci ildə isə cəmi bir hal qeydə alınmışdı.

Yerli medianın məlumatına görə, son aylarda qızılcadan ondan çox insan vəfat edib.

Azərbaycan Səhiyyə Nazirliyi həssas əhali qruplarını qızılca infeksiyasına qarşı peyvənd olunmağa çağırıb.