Putinin qatı rəqibi Aleksey Navalnının ölümündən sonra Rusiyada 400 nəfər saxlanılıb

Rusiyada 400-dən çox insan ucqar Arktika cəza koloniyasında vəfat edən müxalifət lideri Aleksey Navalnını yad edərkən saxlanılıb.

Gələcəyə ümidlərini prezident Vladimir Putinin qatı rəqibi olan 47 yaşlı Navalnıya bağlayanlar üçün onun qəfil ölümü sarsıdıcı zərbə oldu. Navalnı sinir agenti ilə zəhərləndikdən və bir neçə dəfə həbs cəzası aldıqdan sonra belə, Kremli amansız tənqid etməkdə davam edirdi.

Bu xəbər bütün dünyada əks-səda doğurdu. Rusiyanın onlarla şəhərində yüzlərlə insan gül və şamlarla siyasətçini yad etmək üçün cümə və şənbə günləri siyasi repressiya qurbanlarının abidələrinə axışıb. Siyasi həbsləri izləyən və hüquqi yardım göstərən OVD-Info hüquq qrupunun bildirdiyibə görə, polis şənbə gecəsi ondan çox şəhərdə 401 nəfəri saxlayıb.

Təşkilatın məlumatına görə, Rusiyanın ikinci böyük şəhəri olan Sankt-Peterburqda 200-dən çox insan həbs edilib. Saxlanılanlar arasında Rusiya Pravoslav Kilsəsindən asılı olmayan dini qrup olan Apostol Pravoslav Kilsəsinin keşişi Qriqori Mixnov-Voitenko da var. O, sosial şəbəkələrdə Navalnının anım mərasimi keçirməyi planlaşdırdığını açıqlayıb və şənbə günü səhər evinin qarşısında həbs edilib. OVD-Info xəbər verir ki, o, mitinqin təşkilində ittiham olunaraq, polis məntəqəsində saxlama kamerasına salınıb. Lakin sonradan insult diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Sankt-Peterburq məhkəmələri cümə günü saxlanılanlardan 42-ni bir gündən altı sutkaya qədər həbs cəzasına məhkum edib. Məhkəmə rəsmilərinin şənbə günü axşam bildirdiyinə görə, daha doqquz nəfər cərimələnib. OVD-Info xəbər verir ki, Moskvada azı altı nəfərə 15 sutka həbs cəzası verilib. Qrup həmçinin ölkənin cənubundakı Krasnodar şəhərində bir nəfərin, Bryansk şəhərində isə daha iki nəfərin həbs edildiyini bildirib.

Navalnının ölüm xəbəri Rusiyada prezident Vladimir Putinə daha 6 il hakimiyyət verəcəyi gözlənilən prezident seçkilərindən bir ay əvvəl gəlib. Siyasətçinin ölüm səbəbi və səlahiyyətlilərin cəsədi ailəsinə nə vaxt verəcəyi ilə bağlı sualların səsləndirilməsi bazar gününə qədər davam edib.

Navalnının komandası şənbə günü siyasətçinin öldürüldüyünü bildirib və hakimiyyəti cəsədin verilməsini qəsdən dayandırmaqda ittiham edib. Navalnının anası və vəkilləri cəsədi götürmək üçün getdikləri müxtəlif qurumlardan ziddiyyətli məlumatlar alıblar. "Onlar bizi dairələrlə sürdürür və izlərini gizlədirlər" - Navalnının sözçüsü Kira Yarmış şənbə günü deyib.

Rusiyanın Federal Penitensiar Xidməti bildirib ki, Navalnı cümə günü gəzintidən sonra özünü pis hiss edib və Moskvadan təxminən 1900 kilometr şimal-şərqdə, Yamalo-Nenets bölgəsindəki Xarp şəhərindəki cəzaçəkmə müəssisəsində huşunu itirib. Təcili yardım çağırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Xidmət ölüm səbəbinin hələ də müəyyən edilmədiyini deyir.

Navalnı 2021-ci ilin yanvar ayından, sinir maddəsi ilə zəhərlənmədən Almaniyada sağaldıqdan sonra Moskvaya qayıtdığı zaman hava limanında həbs olunmuşdu. O həbsindən əvvəl məmur korrupsiyasına qarşı kampaniya aparıb, Kremlə qarşı böyük etirazlar təşkil edib və dövlət vəzifəsinə namizəd olub.

O vaxtdan bəri Navalnıya üç ayrı cinayət işi açılıb. Siyasətçi bu ittahamların hamısının siyasi motivli olduğunu deyərək rədd edirdi.