Bəxtiyar Hacıyev məhkəmədə cinayət işinin materiallarında imzaların saxtalaşdırıldığını deyib

Your browser doesn’t support HTML5

Fevralın 16-da Bakı Ağır Cinayətlər Məhkəməsində insan haqları fəalı Bəxtiyar Hacıyevin işi üzrə proses davam edib.

Hüquq müdafiəçisi Rüfət Səfərov Amerikanın səsinə açıqlamasında bildirib ki, məhkəmə iclasında zərərçəkmişlər Ülviyyə Muradovanın (Alovlu) və Orxan Abdullayevin ifadələrinin dinlənilməsi planlaşdırılırdı:

Hüquq müdafiəçisi Rüfət Səfərov

"Lakin onlar prosesə gəlməmişdilər. Bəxtiyar Hacıyev və vəkilləri məhkəmədən onların məcburi qaydada gətirilməsini təmin etməyi xahiş ediblər. Hakim onlar növbəti dəfə də gəlməsələr, bu tədbirin mümkün olacağını bildirdi".

Məhkəmə iclası Bəxtiyar Hacıyevin ifadəsi ilə davam edib. O deyib ki, onun barəsində istintaq "sifarişli", "qərəzli" olub və "səriştəsiz" şəkildə aparılıb.

Hüquq müdafiəçisi Zəfər Əhmədov Amerikanın Səsinə açıqlamasında bildirib ki, Bəxtiyar Hacıyev çıxışında cinayət işinə başlanan sənəddə uyğunsuzluqlar olduğunu qeyd edib:

Hüquq müdafiəçisi Zəfər Əhmədov

"Bəxtiyar Hacıyev öz ifadəsində Yasamal Rayon Polis İdarəsinin müstəntiqi Pünhan Əbilovun və zərərçəkmiş Muradovanın xəsarət alması haqqında rəy vermiş həkim-ekspert Cahangir İsmayılovun cinayət işinin müxtəlif materiallarındakı imzalarının ciddi şəkildə fərqləndiyini qeyd etdi. Bu məsələnin araşdırılması ilə bağlı vəsatət qaldırıldı. Lakin hakim təmin etmədi. Bu vəsatətin təmin edilməməsi absurddur".

Bəxtiyar Hacıyev məhkəmədən bu imzaları yoxlamağı xahiş edib. Lakin prokuror bu şəxslərin iştirakı olmadan bu məsələyə aydınlıq gətirmək çətin olduğu üçün vəsatətə baxılmamasını xahiş edib. Hakim gələcəkdə Əbilovun və İsmayılovun məsələyə aydınlıq gətirilməsi üçün məhkəməyə dəvət oluna biləcəyini bildirib.

Məhkəmə iclasında müdafiə tərəfi jurnalistlərin videoçəkiliş aparması ilə bağlı vəsatət qaldırıb. Hakim bu vəsatəti təmin etməyib.

Zərərçəkən Ülviyyə Muradovanın nümayəndəsi iclasın müvəkkili ilə bağlı hissəsinin qapalı rejimdə keçirilməsini xahiş edib, lakin məhkəmə bu vəsatəti təmin etməyib.

Məhkəmənin növbəti iclası martın 1-nə təyin edilib.

Bəxtiyar Hacıyev 9 dekabr 2022-ci il tarixində məhkəməyə qarşı hörmətsizlik (CM-in 221 və 289-cu maddələri ) ittihamı ilə saxlanılıb. Elə həmin ilin iyulunda ona qarşı CM-in 192 (qanunsuz sahibkarlıq), 193-1 (cinayət yolu ilə əldə edilmiş gəlirlərin leqallaşdırılması) və 206-cı (qaçaqmalçılıq) maddələri ilə ittiham irəli sürülüb.

Noyabrın 7-də Hacıyevə qarşı CM-in 213.1-ci (vergi, işsizliyə görə sığorta, icbari tibbi və sosial sığorta ödənişindən yayınma) maddəsi ilə ittiham irəli sürülüb.

Bəxtiyar Hacıyev əmindir ki, həbsinin və ittihamların səbəbi hakimiyyəti tənqid etməsidir. Hüquq müdafiəçiləri onu siyasi məhbus kimi tanıyıb.