Fevralın 15-də Bakı Apellyasiya Məhkəməsində Almaniyadan deportasiya edildikdən sonra həbs olunan fəal Samir Aşurovun barəsində hökmə dair şikayətə baxılıb.
Ötən ilin dekabrın 18-də Bakı Ağır Cinayətlər Məhkəməsi onu Cinayət Məcəlləsinin 126.2-ci (xuliqanlıq səbəbindən qəsdən sağlamlığa ağır zərər vurma) və 221.3-cü (silah və ya silah kimi istifadə edilən əşyanın tətbiqilə törədilmiş xuliqanlıq) maddələrilə təqsirli bilərək 6,5 il azadlıqdan məhrum edib.
Müdafiə tərəfi hökmdən şikayət edib və Aşurova bəraət verilməsini istəyib. Lakin Apellyasiya Məhkəməsi hökmü qüvvədə saxlayaraq şikayəti təmin etməyib.
Hazırda müdafiə tərəfi Ali Məhkəməyə kassasiya şikayəti vermək niyyətindədir.
Son sözündə Aşurov onun boynuna qoyulan cinayəti törətmədiyini bildirib.
Aşurova qarşı Cinayət Məcəlləsinin daha bir maddəsi - 221.3 (silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə xuliqanlıq törətmək) ilə ittiham 2022-cü ilin iyulun 21-də irəli sürülüb.
Hüquq müdafiəçiləri Samir Aşurovu siyasi məhbus kimi tanıyıblar.
2014-cü ildə “Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında” saziş imzalanıb. Saziş imzalanan gündən indiyə qədər 2013 nəfərin readmissiyası artıq baş tutub və daha 2147 nəfərin readmissiyası gözlənilir. Dövlət Miqrasiya Xidməti bildirir ki, 2021-ci ildə ölkəyə readmissiya olunan 420 şəxsdən 39 nəfəri Almaniyadan qaytarılıb.
2022-ci ilin oktyabr ayından Almaniyadan Azərbaycana readmissiya olunan beş fəal - Mütəllim Orucov, Malik Rzayev, Pünhan Kərimli, Cəfər Mirzəyev və Samur Aşurov müxtəlif səbəblərlə həbs olunublar. Lakin Daxili İşlər Nazirliyi Almaniyadan readmissiya olunanların siyasi sifarişlə həbs olunduqları ilə bağlı iddiaları təkzib edir.