Təbrizdə mədəni fəal Asena Şabaniyə məhkəmə işi açılıb

Asena Şabani

Təbriz sakini, mədəni fəal Asena Şabani haqqında məhkəmə işi açıldığı bildirilir. Bununla bağlı fəala Şəhid Beheşti Məhkəmə Kompleksi tərəfindən SMS bildiriş göndərilib.

Asena Şabaninin həyat yoldaşı, sabiq siyasi məhbus Şahin Bərzigər bu barədə öz Instagram səhifəsində məlumat yayıb.

“Fevralın 12-də SMS bildiriş vasitəsi ilə həyat yoldaşıma bildirilib ki, “haqqınızda açılan məhkəmə dosyesi Təbrizin Şəhid Beheşti Məhkəmə Kompleksindəki 1-ci prokurorluq şöbəsinə göndərilib. Müraciət etməli olduğunuz halda, bu sizə bildiriləcəkdir,” Şahin Bərzigər sosial media hesabında paylaşıb.

SMS bildirişdə məhkəmə dosyesinin nömrəsi də qeyd edilib.

Asena Şabaniyə hansı ittihamlar ilə məhkəmə işi açıldığı bəlli deyil.

O, keçən həftələrdə ən az iki dəfə Təbriz kəşfiyyat şöbəsi və kəşfiyyat şöbəsinin informasiya qərargahına çağırılıb.

Hüquq müdafiə qurumlarının yanvar ayında yaydığı məlumata görə, Asena Şabani Traktor Azərbaycan komandasının matçını izləmək üçün Təbriz stadionuna getməsi, eləcə də siyasi məhbusların ailələri və sərbəst buraxılan məhbuslar ilə görüşlərdə iştirak etməsi ilə əlaqədar kəşfiyyat şöbəsinə çağırılmışdı.

Şabaninin hər iki çağırışda kəşfiyyat şöbəsinə müraciət etməkdən imtina etdiyi bildirilib.