ABŞ-ın keçmiş prezidenti Donald Tramp məxfi sənədlərlə düzgün davranmamaqda ittiham edildiyi cinayət işi üzrə qapalı dinləmələrdə iştirak etmək üçün bazar ertəsi Florida ştatının federal məhkəməsinə gəlib.
ABŞ-ın dairə hakimi Aylin Kennon səhər saatlarında vəkillər, günorta isə prokurorların arqumentlərini dinləyib.
Qapalı dinləmə prokurorların həmçinin iddia edilən hökumət şahidinin hazırda federal araşdırmanın predmeti olan sosial mediada təhdidlər aldığını bildirməsindən sonra baş tutub.
Tramp iyun ayında milli müdafiə məlumatlarını qeyri-qanuni olaraq saxlamaq, ədalətə mane olmaq üçün əlbir olmaq və yalan bəyanatlar vermək ittihamları üzrə özünü təqsirli bilməyib.
Trampın vəkilləri hazırda prokurorların əlində olan məxfi iş materialları ilə tanış olmaq istəyirlər. Lakin prokurorlar materiallarda olan məlumatların məxfiliyini vurğulayaraq buna etiraz edirlər.
İş üzrə hakim Kennon məhkəmə sənədində yazıb ki, Trampın vəkilləri müdafiə strategiyalarını və məxfi məlumatların müdafiəyə nə dərəcədə uyğun və ya faydalı ola biləcəyini ətraflı müzakirə etməyə hazır olmalıdırlar.
Trampın məhkəməsi mayın 20-nə təyin edilib. Onun iki əməkdaşına - əmlak meneceri Karlos de Oliveyra və şəxsi köməkçi Valtin Nautaya qarşı da ittiham irəli sürülüb.
Dinləmə Trampın son həftələrdə iştirak etdiyi bir neçə məhkəmə iclaslarından biridir. Tramp tərəfdarlarına noyabr ayında Ağ Evə geri qayıtmağa çalışdığı zaman üzləşdiyi cinayət təqiblərinə qarşı mübarizə aparmaq niyyətində olduğunu nümayiş etdirərək, keçən ay Vaşinqtonda apellyasiya məhkəməsinin arqumentlərin irəli sürüldüyü iclasında iştirak etmişdi.
Tramp Atlanta və Vaşinqtonda 2020-ci il prezident seçkilərinin nəticələrini ləğv etmək cəhdləri ilə bağlı ittihamlarla üzləşir. O, Nyu-York ştat məhkəməsində porno aktrisa Stormi Danielsə susmaq müqabilində pul ödəmələri ilə bağlı da ittiham olunur. Tramp hər hansı bir qanun pozuntusunu inkar edib.