İki məhbus narkotik maddə qaçaqmalçılığı ittihamı ilə Zəncan Mərkəzi Həbsxanasında, bir məhbus isə Qəzvin Həbsxanasında qətl ittihamı ilə asılıb.
İran İnsan Haqları Təşkilatının (İranhr) məlumatına görə, Əli Feyzi və Rəhmət Biqəm adlı iki məhbus fevralın 7-də Zəncan Mərkəzi Həbsxanasında edam edilib.
Həmçinin qətl ittihamından təqsirli bilinən Həsən Mehriban adlı məhbusun da ölüm hökmü fevralın 3-də Qəzvin Mərkəzi Həbsxanasında icra edilib.
Urmiyə Mərkəzi Həbsxanasında qətl törətmək ittihamı ilə edam cəzasına məhkum edilən bir məhbus yanvarın 31-də asılıb. Bu şəxsin Hüseyn Həbibi olduğu və 5 il əvvəldən həbsdə saxlandığı bildirilib. Bu xəbərə görə, qurbanın "qan sahibləri" (qətlə yetirilən şəxsin ailəsi) 5 milyard tümən Diyə istəsələr də, Həbibinin ailəsi bu pulu təmin edə bilməyib və nəticədə onun edam hökmü icra olunub.
İranda qətlə görə edam cəzasına məhkum edilənlər öldürdükləri şəxsin ailəsini təzminat almağa razı etdikləri halda ölüm cəzasından xilas ola bilərlər. Lakin müəyyən müddət ərzində bu kompensasiyanı ödəyə bilməyən məhbuslar ölüm cəzasına məruz qala bilərlər. Bu təzminat məbləği şəriət qaydaları ilə müəyyən edilən “Diyə” adlı bir təzminat növüdür.
Bu dörd məhbusun edam edilməsi xəbəri İran mediasında dərc edilməyib.
Həmçinin İranda baş verən hadisələrlə bağlı xəbər yayımlayan Rokna xəbər saytı Təbriz Mərkəzi Həbsxanasında edama məhkum edilmiş bir məhbusun intihar edərək, həyatına son qoyduğunu bildirib. Bu mənbənin yaydığı xəbərə görə, o, 2021-ci ildə Təbrizdə bir silahlı basqında iştirak etdiyi zamanı qətl törətdiyinə görə həbs edilib və daha sonra edam cəzasına məhkum edilib.
İran İnsan Haqları Təşkilatının (İranhr) saytında dərc etdiyi hesabata görə, 2024-cü ilin əvvəlindən İranda bir aydan çox müddət ərzində 76 nəfər edam edilib.