Duyğu adlı körpə uşağın ailəsi öz haqlarında israr etdikdən sonra övladının şəxsiyyət vəsiqəsini almağa nail olub.
Ərdəbil vilayətinin Germi şəhərində yaşayan azərbaycanlı ailənin çoxsaylı müraciətləri nəticəsində nəhayət həmin ailənin istədiyi adla övladlarına şəxsiyyət vəsiqəsi verilib.
Duyğunun atası Adil Dəlir övladının şəxsiyyət vəsiqəsinin şəklini Instagram səhifəsində paylaşaraq bu xəbəri ictimaiyyətə çatdırıb.
Dəlir bundan əvvəl yanvar ayında Instagram səhifəsində qeydiyyat idarəsindən doğru-düzgün cavab ala bilmədiyini, şəxsiyyət vəsiqəsi verilmədiyi üçün sosial xidmətlərdən məhrum qaldığını bildirərərək öz insani və təbii haqqından vaz keçməyəcəyini bildirimişdi.
İranda bəzi türk adlarına şəxsiyyət vəsiqəsi verilməməsi mürəkkəb məsələdir. Bu da bəzi adların “yad olması”, “İslam və İran dəyərlərinə uyğun olmaması” və ya “təsdiqlənmiş adlar siyahısında olmaması” kimi əsaslarla rədd edilməsinə səbəb olur.
Lakin Ərdəbil və Zəncan vilayətlərinin rəsmiləri tərəfindən yayımlanan açıqlamalar, bu bölgələrdə bəzi türk adların populyar olduğunu göstərir. Səlahiyyətlilər bu vilayətlərdə türk adlarının ən çox seçilən adlar arasında olduğunu açıqlayıb.
Buna baxmayaraq, bəzi ailələr tərəfindən seçilən bəzi türk adları Qeydiyyat İdarəsi tərəfindən rədd edilir. Bu vəziyyət həmin uşaqları və ailələrini aylarla, hətta illərlə sosial tibbi xidmətlərdən məhrum buraxır.