Bazar ertəsi, fevralın 5-də Rusiya qoşunları Xersonun mərkəzini artilleriya atəşinə tutub. Yerli hakimiyyət orqanlarının bildirdiyinə görə, 4 nəfər ölüb, bir nəfər yaralanıb.
Xerson vilayəti hərbi administrasiyasının rəhbəri Aleksandr Prokudinin sözlərinə görə, mərmilərdən biri park edilmiş avtomobilə dəyib, nəticədə avtomobildə olan 45 və 50 yaşlı iki kişi ölüb.
Artilleriya atəşi nəticəsində 66 yaşlı qadın və 60 yaşlı kişinin də həlak olduğu bildirilir. Rəsmilərin bildirdiyinə görə, qəlpə yaraları alan 24 yaşlı Xerson sakini xəstəxanaya yerləşdirilib.
2022-ci ilin payızında işğaldan azad edildikdən sonra Rusiya hərbi qüvvələri Xerson bölgəsini mütəmadi olaraq atəşə tutur. Region administrasiyasının məlumatına görə, son 24 saat ərzində minaatan, artilleriya, "Qrad" sistemləri, tanklar, təyyarələr və dronlardan 36 hücum həyata keçirilib. Rusiya qüvvələri Xersona 32 mərmi ataraq, yaşayış binalarını və muzeyi vurublar.