Rusiya Ukraynanı çörək sexinə “dəhşətli” hücumda ittiham edir

Rusiya bazar ertəsi Ukrayna tərəfini Ukraynanın şərqində Rusiya tərəfindən işğal olunmuş Lisiçansk şəhərində çörək bişirən restoranın sexinə "dəhşətli" hücum həyata keçirməkdə ittiham edib.

Kremlin sözçüsü Dmitri Peskov daha sonra şənbə günü Lisiçanskda baş verən hücumu dinc infrastruktura qarşı "terror aktı" adlandırıb. Rusiya hücumda 28 nəfərin öldüyünü bildirib.

Rusiya mətbuatının verdiyi məlumata görə, restorana edilən hücum nəticəsində Moskva tərəfindən əraziyə təyin olunmuş fövqəladə hallar naziri vəzifəsində çalışan Aleksey Poteleşenko həlak olub. Lisiçansk vilayətindəki Ukrayna rəsmiləri bildiriblər ki, restoranın çörək sexi Ukraynaya hücum edən Rusiya qüvvələri üçün çörək istehsal edib və onun binası işğalçı rusiyalı məmurların görüşləri üçün istifadə olunub.

Rusiya işğalına qədər Lisiçanskın əhalisi təxminən 110.000 nəfər idi. Şəhər 2022-ci ilin yayında Rusiya tərəfindən işğal edilib və Ukraynanın nəzarətində olan ərazidən 15 kilometr aralıdadır.

Ukrayna rəsmiləri hücumla bağlı açıqlama verməyib.

Rusiya və Ukrayna bir-birini mülki obyektlərə hücumlar təşkil etməkdə ittiham edir. Ukrayna ölkənin şəhərlərinin Rusiya tərəfindən tez-tez raketlər və dronlar ilə vurulduğu haqda məlumat verir.

Bu arada, Ukrayna prezidenti Volodimir Zelenski bildirib ki, o, Ukraynaya ən yaxşı adamları təyin etmək üçün ordudan əlavə, bir neçə yüksək səviyyəli rəsmini də vəzifədə dəyişdirməyi düşünür.

Bazar günü İtaliyanın RAI dövlət televiziyasına verdiyi müsahibədə Zelenski hazırda Ukraynada müxtəlif sektorlara rəhbərlik etmək üçün ən yaxşı adamların kim olacağı üzərində düşündüynü bildirib.

Zelenski deyib ki, dəyişikliklər onun yüksək rütbəli hərbi komandir, general Valeri Zalujninin vəzifəsindən azad edilməsini əhatə edə bilər.

Zelenski keçən ilin noyabrında Zalujnini Qərb mediasına Ukraynada müharibənin yeni tükəndirmə mərhələsinə qədəm qoyduğunu söylədiyi üçün tənbeh etmişdi.

Bazar günü səhər saatlarında Zelenski cənub-şərq cəbhəsində Ukrayna qoşunlarına baş çəkib.

Zelenski pilotları medallarla təltif edib və Rusiyanın Dnepropetrovsk vilayətində hədəflərə bir sıra hücumları və Ukraynanın səmasını qorumaq üçün Qərb və hibrid hava hücumundan müdafiə sistemlərindən necə istifadə ediləcəyi barədə məlumat alıb.